Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunda gündəlik 300 min kubmetr su istehsalı nəzərdə tutulur. Yeni zavodun fəaliyyətə başlaması istehlakçılar üçün su tariflərinə heç bir təsir göstərməyəcək.
Denizxeber.az bildirir ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət III Milli Rəqabət Forumunda bildirib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumla ötən ilin sentyabrında müqavilə imzalanıb. Hazırda şirkət beynəlxalq maliyyə institutları və banklarla danışıqlar aparır. Maliyyə danışıqları yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq və iki il yarım ərzində tamamlanacaq. Zavod istismara verildikdən sonra “ACWA Power” onu 25 il ərzində idarə edəcək. İstehsal olunan su mövcud tariflərlə əhaliyə təqdim ediləcək, hər hansı qiymət fərqi yaranarsa, bu xərc dövlət tərəfindən qarşılanacaq.





