Hörmüz boğazının şərqində neft tankeri atəşə tutulub

11

Hörmüz boğazının şərq hissəsində İran Hərbi Dəniz Qüvvələri tərəfindən bir neft tankeri atəşə tutulub. İran dövlət telekanalının hərbi dəniz qüvvələrinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gəmi izləmə sistemlərini söndürərək Oman dənizində qadağan olunmuş su ərazilərindən keçməyə cəhd göstərib.

Denizxeber.az bildirir ki, zərbədən sonra gəmidə yanğın baş verib. Tankerin hansı ölkənin bayrağı altında üzdüyü və heyət üzvlərinin taleyi barədə hələlik rəsmi məlumat açıklanmayıb.

Hadisə regionda gərginliyin artdığı bir vaxta təsadüf edir; İyulun 8-də ABŞ Prezidenti Donald Trampın atəşkəsin pozulduğunu bəyan edərək yeni zərbə əmri verməsinə cavab olaraq İran Fars körfəzindəki ABŞ hərbi obyektlərini raket və PUA-larla hədəfə alıb. ABŞ və İran arasında təhlükəsizlik, nüvə proqramı və naviqasiya azadlığı ilə bağlı fikir ayrılıqları davam edərkən, Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən iflic vəziyyətinə düşüb.