Noyabrın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Denizxeber.az bildirir ki, tədbir Akademiyanın Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş və tələbə gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Vətən müdafiəçilərinin qəhrəmanlığına ehtiramın ifadə olunması məqsədi daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlığına, Vətən müharibəsinin tarixi hadisələrinə və ölkəmizin tarixi Zəfərə aparan yoluna həsr olunmuş “Hadrut, sən azadsan” filmi iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbir zamanı 8 Noyabrın müasir Azərbaycan tarixində xüsusi əhəmiyyəti vurğulanmış, tarixi Qələbənin əldə olunmasında milli birliyin, həmrəyliyin, igidliyin və fədakarlığın mühüm rolu qeyd edilmişdir. Tələbə və müəllimlər şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmiş, Vətən müharibəsi iştirakçılarına və qazilərimizə dərin hörmət və ehtiramlarını bildirmişlər.












