Bolqarıstan sahillərində partlayış nəticəsində “BETUL 8” yük gəmisi batıb, 12 türkiyəli dənizçi itkin düşüb – YENİLƏNİB

61

Rumıniyadan Misirə gedən, Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisində partlayış baş verib və nəticədə gəmi Bolqarıstan sahillərində batıb. Həmçinin gəminin 12 türkiyəli ekipajı itkin düşüb. Partlayışın səbəbi araşdırılır.

Denizxeber.az bildirir ki, “Haber Global”a istinadən məlumat verir.

Bolqarıstan Nəqliyyat Nazirliyinin saytında yer alan məlumata görə, “BETUL 8” yük gəmisinin göndərdiyi qəza siqnalı Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə çatdıqdan sonra gəmi batıb. Bolqarıstan mediası 1988-ci ildə inşa edilən gəminin partlayışdan sonra batdığını iddia edir.

Partlayışın dəniz minası və ya PUA (pilotsuz uçuş aparatı — dron) hücumu nəticəsində baş verdiyi müəyyənləşdirilir.

15:24

Bolqarıstanın Varna şəhərindəki Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə yerləşən “BETUL 8” adlı yük gəmisinin heyətindən qəza siqnalı daxil olub. Mesajda gəminin batdığı bildirilib.

Denizxeber.az bu barədə Bolqarıstanın “Varna24” nəşrinə istinadən məlumat verir.

Xəbərə görə, Qara dənizdəki Mina Əleyhinə Müdafiə Qrupundan dörd gəmi — ikisi Bolqarıstan, biri Rumıniya və biri Türkiyə gəmisi olmaqla, hadisə yerinə göndərilib. Əməliyyatlar Dəniz Administrasiyası İcra Agentliyinin Təcili xilasetmə işləri Baş İdarəsi tərəfindən koordinasiya olunur.

Əməliyyata, həmçinin iki “Cougar” helikopteri və Hərbi Hava Qüvvələrinə məxsus bir “Su-25” təyyarəsi də cəlb edilib, ərazidə müşahidə və kəşfiyyat işləri aparılır.

Somali bayrağı altında üzən “BETUL 8” gəmisinin 12 nəfərlik ekipajla Rumıniyanın Tulça şəhərindən Misirə getdiyi və təxminən 3 min ton buğda daşıdığı bildirilir.