AZCON Holding şirkətlərindən Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət qurumlarının rəhbər heyəti üçün Harvard Universitetinin nümayəndələri tərəfindən keçirilən beynəlxalq təlim proqramına start verilib.
Denizxeber.az məlumat verir ki, Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində təşkil olunan proqram 16–19 noyabr tarixlərində müxtəlif nazirlik və dövlət qurumlarından 100-dən çox rəhbər şəxsi bir araya gətirir.
Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə keçirilən təlimlərdə süni intellekt agentlərinin dövlət idarəçiliyində tətbiqi, məlumatlara əsaslanan qərarvermə, institusional proseslərin optimallaşdırılması və texnoloji transformasiyanın idarə olunması mövzuları əhatə olunur.
Proqram dövlət qurumlarının rəhbər heyətinin süni intellekt üzrə strateji və praktiki bacarıqlarının inkişafına, beynəlxalq təcrübənin yerli idarəetmə proseslərində tətbiqinə və dövlət sektorunda süni intellektdən səmərəli istifadənin genişləndirilməsinə xidmət edir.





