Çinin yerli istehsalı olan “Mengxiang” okean qazma gəmisi 2 min metrdən artıq dərinlikdə işləyə bilən yeni qazma sistemi ilə dünya rekordunu yeniləyib.
Denizxeber.az “China Daily” elektron qəzetinə istinadla xəbər verir ki, bu barədə Çinin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmi 2 min metrədək dərinlikdə işləmək üçün nəzərdə tutulan qaldırıcısız qazma sisteminin 33 gün davam edən dəniz sınaqlarını uğurla başa çatdırıb. Sınaqlar zamanı sistem 2004,8 metr dərinlikdə uğurla fəaliyyət göstərib.
Bununla da, əvvəlki 1419 metrlik beynəlxalq rekord yenilənib. Yeni texnologiya qazma mayesinin bərpasına və təkrar istifadəsinə imkan yaratmaqla dərin dəniz əməliyyatlarının səmərəliliyini və ekoloji təhlükəsizliyini artırır.
Qeyd edək ki, 2024-cü ildə istismara verilən “Mengxiang” gəmisi indiyədək doqquz elmi-tədqiqat səfəri həyata keçirib. Yeni sistemin uğurlu sınaqları Çinin ultra dərin su qazma imkanlarının genişləndirilməsi baxımından mühüm nailiyyət hesab olunur.





