Şirin su qıtlığı şəraitində buludlardan süni yağış yağdırılması imkanları araşdırılır

29

Elmi-texniki tərəqqi dövründə sənaye, kənd təsərrüfatı və məişət məqsədləri üçün şirin suya tələbat sürətlə artır. BMT-nin məlumatına görə, hazırda dünyada 1,8 milyard insan su çatışmazlığı şəraitində yaşayır. Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin 3 milyard artması suya olan tələbatı 55 faiz yüksəldəcək. Nəticədə dünya əhalisinin təxminən 40 faizi kəskin su çatışmazlığı ilə üzləşəcək.

Denizxeber.az məlumat verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, şirin su qıtlığı yalnız kənd təsərrüfatının deyil, sənayenin də inkişafını məhdudlaşdıran əsas amillərdən biridir. Bu problem xüsusilə illik yağıntının 120 millimetr və ya daha az olduğu quraq ərazilərdə daha kəskin hiss olunur.

Belə şəraitdə alimlər qarşısında mühüm bir sual dayanır: buludların kolloidal tarazlığını süni şəkildə pozmaqla yağış yaratmaq mümkündürmü? Müasir dövrdə insanların həyatına və fəaliyyətinə təsir göstərən hava hadisələrinin idarə olunması istiqamətində çoxsaylı tədqiqatlar aparılır. Çünki havanı hətta məhdud miqyasda idarə etmək belə, böyük iqtisadi səmərə verə bilər.

“Buludlardan süni yağış yağdırılması bu istiqamətdə ən çox araşdırılan sahələrdən biridir. Yağış yaratmaq arzusu insanları qədim dövrlərdən düşündürüb. Tarixi mənbələr göstərir ki, insanlar min il əvvəl də müxtəlif üsullarla buludlara təsir etməyə çalışıblar. Lakin yağışın əmələgəlmə mexanizmi məlum olmadığından həmin cəhdlər əsasən nəticəsiz qalıb. Alimlərin fikrincə, süni yağış probleminin həlli yalnız buludların fiziki xüsusiyyətlərinin dərindən öyrənilməsi əsasında mümkündür”, – deyə Həsən Nəbiyev bildirib.