Yolunuz həmişə açıq olsun!

708

Hörmətli həmkarlar!

Sizi peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Artıq altıncı ildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis olunan və bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı hesab etdiyimiz 25 iyun – “Dənizçi Günü” peşə bayramını böyük sevinc və dərin minnətdarlıq hissi ilə qeyd edirik.

Xalqımızın təbiət etibarı ilə mərd və dözümlü dənizçilərə xüsusi rəğbət bəsləməsi, dalğalar qoynunu hünər meydanı seçənlərə böyük ehtiramla yanaşması, ölkə rəhbəri tərəfindən dəniz nəqliyyatı işçilərinə daim diqqət və qayğı göstərilməsi, onların fədakar əməyinin yüksək qiymətləndirilməsi bizə hədsiz fərəh bəxş etməklə yanaşı, həm də çətin olduğu qədər də şərəfli bir peşənin təmsilçiləri olduğumuzun iftixarını yaşadır.

Şanlı tarixə malik Gəmiçiliyimiz keçən il 160 illik yubileyini geniş qeyd etdi. Yubiley ilində “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsini də, ölkə başçısının oktyabrın 20-də imzaladığı sərəncamlarla dəniz nəqliyyatında səmərəli əmək fəaliyyətlərinə görə 1 nəfərin ikinci dərəcəli, 3 nəfərin üçüncü dərəcəli “Əmək ordeni”, 12 nəfərin “Tərəqqi” medalı, 27 nəfərin “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi, 1 nəfərin “Əməkdar mühəndis” fəxri adına, 1 nəfərin isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsini də ASCO-nun bütün kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndiririk.

Fərəhli haldır ki, çoxminli kollektivimiz bu dəfə də peşə bayramını bütün sahələrdə qazandığı yüksək göstəricilərlə qarşılayır. Son bir ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, rəqabət qabiliyyətinin, yükdaşımaların həcminin artırılması, donanmalarımızın ən müasir gəmilər hesabına zənginləşdirilməsi, Xəzərdə aparıcı mövqeyini qoruyub saxlayan ASCO-nun Xəzərdənkənar fəaliyyətini daha da genişləndirilməsi, dənizçilərin rifahının, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların hər biri həm də peşə bayramına töhfəmiz sayıla bilər.

Dövlətimizin başçısının gəmiçilik sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Donanmalarımızın yenilənməsi planı çərçivəsində yaxın 10 ildə ASCO üçün müxtəlif təyinatlı daha 70-dən çox gəminin alınması və tikintisi planlaşdırılır. Sevindirici hal bir də budur ki, bu prosesdə yerli gəmiqayırmanın imkanlarından da istifadə olunur. Bakı Gəmiqayırma Zavodu indiyədək bizi yeni bir liman-yedək, üç sərnişin gəmisi ilə sevindirib.
Hazırda Gəmiqayırma Zavodunda ASCO üçün dörd RST12C tipli yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərə tikilir. Bu ilin fevralında həmin gəmilərdən birinin – “Laçın” tankerinin suya sılınması mərasimi keçirildi.
Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi isə donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir.

2017-ci il sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilində səslənən “Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir” sözləri isə bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırır.

Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

Sizə aydın səma, uğurlu səfərlər arzulayıram.

Bayramınız mübarək olsun!

Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri