“Gəmi agentlərinin hazırlığı” kursu

1554

Dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 01-12 fevral 2016-cı il tarixlərdə Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi agentlərinin hazırlığı” kursu keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər.

“Gəmi agentlərinin hazırlığı” kursunu bitirmiş şəxslər qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq bilik səviyyəsi yoxlanılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”na uyğun olaraq sertifikat veriləcəkdir.

Gəmi agenti fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər qeyd edilən kursda iştirak etmək məqsədilə Dövlət Dəniz Administrasiyasına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsinin Gəmi standartlarına nəzarət sektorunun məsləhətçisi Rəşad Kərimov (tel: 4974405 (daxili 242), e-mail: [email protected])