ABŞ-ın neft ehtiyatları azalıb

560

ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 26 noyabr-2 dekabr hesabat həftəsində 2,39 mln. barel və ya 0,5% azalaraq 485,8 mln. barelə geriləyib. “Report”un “Forexpf.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika informasiyaları İdarəsi məlumat yayıb.

Qeyd edək ki, “Reuters” agentliyi tərəfindən neft bazarı analitikləri arasında aparılan sorğunun nəticələrinə əsasən, hesabat həftəsində neft ehtiyatlarının 1,032 mln. barel azalacağı ehtimal edilirdi. Hesabat həftəsində həmçinin ABŞ-da neft hasilatının 2 000 barel/gün və ya 0,02% azalaraq 8,697 mln. barel/gün təşkil etdiyi bildirilir.

Bununla yanaşı, ABŞ-ın ən böyük neft terminalı olan “Kuşinq”də neft ehtiyatları 3,8 mln. barel və ya 6,2% artaraq 65,3 mln. barelə, benzin ehtiyatları 3,4 mln. barel (proqnoz – 1,9 mln. barel) və ya 1,5% artaraq 229,5 mln. barelə, distillat ehtiyatları isə 2,5 mln. barel (proqnoz – 1,8 mln. barel) və ya 1,6% artaraq 156,7 mln. barelə çatıb.

“Report” xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalması xəbəri neftin qiymətinə müsbət təsir edə bilməyib. Buna səbəb, noyabrın 30-da Vyanada keçirilən OPEC sammitində qəbul olunan qərarlardan sonra neft qiymətlərinin 20%-ə yaxın kəskin yüksəlməsi olub. Belə ki, investorlar və treyderlər hazırda öz mənfəətlərini realizə etdikləri üçün bu xəbər neft qiymətlərinin əlavə artımı üçün yetərli olmayıb. Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC və ona üzv olmayan ölkələrin görüşü keçiriləcək. Görüşdə OPEC üzvü olmayan ölkələrin hasilatı azaltması ilə bağlı yekun qərarın imzalanması gözlənilir. Görüşdən çıxacaq müsbət xəbərlərin neft qiymətlərini 55-60 dollar/barel diapazonuna yüksəldəcəyi ehtimal edilir.