Bakı Limanı 26-28 aprel tarixlərində Bakı Expo Mərkəzində keçirilən 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edib

1017

Bakı Limanı 26-28 aprel tarixlərində Bakı Expo Mərkəzində keçirilən 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edib. Liman, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.

Sərgidə Bakı Limanı ölkəmizin nəqliyyat-tranzit potensialı və logistika imkanlarına verəcəyi töhfə və Ələt qəsəbəsində tikilməkdə olan Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasının ölkəmiz üçün yaradacağı əlverişli biznes və investisiya mühiti, yaradacağı geniş istehsalat sahələri barədə ətraflı məlumat verilib.

Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, şərqlə qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilir: “Hazırda Xəzərdə ən böyük dəniz limanının inşası aparılır və orada yaradılacaq Azad Ticarət Zonası ölkəmizə investisiya yatırımı üçün böyük imkanlar yaradır”.

“ATZ-nin fəaliyyətə başlaması ilə dünyanın nüfuzlu şirkətləri Azərbaycanda qeyri-neft sektorunun inkişafı öz töhfəsini verəcək, ən son texnologiyaların və bilik kapitalın ölkəmizə transferinə şərait yaradacaq,” deyə Bakı Limanının Baş Direktoru Taleh Ziyadov qeyd edib.

Sərgidə Bakı Limanı ilə yanaşı “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edib.