“Zöhrab Vəliyev” tədqiqat-geoloji gəmisinin təmiri başa çatıb

1125

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Zöhrab Vəliyev” tədqiqat-geoloji gəmisi əsaslı təmir olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Gəminin baş mühərriki, hava kompressoru, yağ seperatoru, su, yağ soyuducuları, boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub. Bundan başqa, qazma qurğusuna xidmət edən mexanizm və elektrik avadanlıqlarının, gəminin verilən koordinatlarda dayanması üçün istifadə olunan dörd bucurqadın təmir, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib. Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda lazımi işlər görülüb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla tamamlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır