Ələt Beynəlxalq Dəniz Limanının böyük imkanları Polşanı da cəlb etdi…

571

Rüfət Quliyev: “Polşanın Ələt limanında nümayəndəliyinin olması Azərbaycan iqtisadiyyatına müsbət təsir edər”

Müslüm İbrahimov: “Ələt Beynəlxalq Ticarət Dəniz Limanı Polşa üçün hazırda əlverişli nəqliyyat yolu sayılır”

“Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik”.Bunu Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. Andjey Duda çıxışı zamanı bunları qeyd edib: “Hazırda mən səbrsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.

Polşanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanına qoşulmaq istəyi barədə fikir bildirən millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Polşa ilə Azərbaycan arasındakı münasibət siyasi baxımdan yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi elə də böyük deyil. Bu səbəbdən hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir: “Polşa prezidenti çıxışı zamanı təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Nərəzə almaq lazımdır ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanına tək Polşa yox, bir sıra xarici ölkələr əməkdaşlıq üçün maraq göstərir. Polşanın Ələt limanında nümayəndəliyinin olması Azərbaycan iqtisadiyyatına müsbət təsir edər”. Millət vəkili onu da vurğuladı ki, Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq.

İqtisad elmləri doktoru Müslüm İbrahimov qeyd etdi ki, Polşa digər Avropa ölkələrindən fərqlənir: “Çünki bu ölkədə 1990-cı illərdə iqtisadi islahatlar aparıldı. Və həmin islahatlar özünü müsbət şəkildə doğrultdu. Polşa iqtisadi sahələrdə özünü doğruldub. Qərbi Avropa ölkələri Polşaya investisiya yatırır. Bu səbəbdən adıçəkilən ölkə öz iqtisadiyyatını genişləndirmək üçün nəqliyyat yolları axtarır. Məlumdur ki, nəqliyyat xərcləri istehsal olunan məhsulun rəqabət qabiliyyətinə təsir edir. Ələt Beynəlxalq Ticarət Dəniz Limanı Polşa üçün hazırda əlverişli nəqliyyat yolu sayılır”. Həmsöhbətimiz onu da vurğuladı ki, Polşanın əksər Avropa ölkələri ilə, eyni zamanda Azərbaycanla münasibəti yaxşıdır: “Danılmaz faktdır ki, artıq Azərbaycan ticarət mərkəzi kimi dünyada tanınır. Azərbaycanın həm dənizə çıxışa, həm də avtonəqliyyat və dəmir yolu xəttinə malik olması xarici ölkələrin diqqətini cəlb edir”