Mingəçevirdə Kürə atılan qanunsuz tor: həm təbiətə, həm də idmana ziyan vurur – VİDEO

373

Azərbaycanın daxili su hövzələrində kürütökmə dövrü ilə əlaqədar aprelin 1-dən, Xəzər dənizində isə mayın 1-dən sentyabrın 1-dək balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması qadağandır. Əks təqdirdə yüzlərlə körpə balığın məhv edilməsinə gətirib çıxara bilər. Hətta balıq ovunda qanunla qadağan olunmuş ov alətlərindən istifadə edilməsi də yolverilməzdir. “Report”un əməkdaşının apardığı müşahidə nəticəsində Kür çayının Mingəçevirdən keçən hissəsində bu qadağalara əməl edilmədiyi məlum olub. 

Belə ki, Mingəçevirdə Adalar deyilən yerdə Varvara su anbarı istiqamətində kənd sakinləri gecələr torlardan istifadə etməklə kütləvi şəkildə balıq ovu həyata keçirirlər. Müşahidələr isə həmin yerdə heç bir nəzarətçinin olmadığı göstərir. 

Eyni zamanda ərazidə avarçəkənlər də məşq edirlər. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov “Report”a açıqlamasında faktı qismən təsdiqləyib. Onun sözlərinə görə, çayın aşağı hissəsində yerli sakinlər tor ataraq balıq ovlamaq istəyir, avarçəkənlər isə məşq zamanı bəzən həmin torlara ilişirlər: “Bu, nadir hallarda baş verir. Çalışırıq ki, problemi yerli sakinlərin özləri ilə yoluna qoyaq. Onları da başa düşürük, ailələrini dolandırırlar. Sakinlərin suya tor atmaları idmançılarımıza o qədər də ciddi maneə yaratmır”.

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir şəhərindəki əməkdaşı Qalib Rəsulov“Report”a açıqlamasında bildirib ki, çayda torun olmasından söhbət gedə bilməz: “Həmin əraziyə balıq ovu ilə bağlı heç bir kvota da verilməyib. Görüntüdə tor kimi görünən, əslində, cildir. Cil olan yerdə də tor ola bilməz. Çünki cil torun gözünü tutur. Həm də yay fəsli olduğundan tor qurulsa belə, balıqlar torda xarab olur”.

Onun sözlərinə görə, Varvara su anbarında bu ilin altı ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən tədbirlər nəticəsində 4 qanunsuz balıq ovu faktı aşkarlanıb. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 256.1-ci maddəsi (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) cinayət faktı hüquq-mühafizə orqanlarına göndərilib.