Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

433

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Xəzər rayonunun Türkan qəsəbəsində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanıb.