ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini yekunlaşdırıb

592

Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərin 90 faizdən çoxu yerinə yetirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, Pirşağı tullantı sutəmizləyici qurğusunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədən dənizin dibi ilə marşrut müəyyənləşdirilib və ASCO-nun ixtisaslaşmış gəmiləri ilə dibdərinləşdirmə işləri aparılıb. Gəmilər işlərini uğurla başa çatdırıblar.

Dibdərinləşdirmə işləri “Mühəndis B. Məmmədov” torpaqqazan, “Bakinskaya-3”, “Bakinskaya-5” və “Bakinskaya-6” torpaqdaşıyan gəmiləri ilə yerinə yetirilib. Bundan əlavə, layihəyə “Abşeronskaya-5” yedək/lövbərdaşıyan və “Orion-12” dalğıc-dibölçən gəmiləri də cəlb edilib. Pirşağı qazma ərazisində çıxarılan ümumi həcm 216 min 650 kubmetrdir.

Qazılan ərazidə “Zülfü Hacıyev” kran gəmisi ilə istiqamətləndirici svay vurulub və 1630 metr uzunluğunda, diametri 1620×14 millimetr olan borular Hövsandan Pirşağı ərazisinə gətirilərək ərazidə yerləşdirilib. Bu prosesdə 1 ədəd “Nefteqaz” tipli, 2 ədəd “Qaradağ” tipli, 3 ədəd “BMK” tipli, 1 ədəd “Orion” tipli və 1 ədəd “SOCAR-1” tipli gəmilər iştirak ediblər.

Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır