ETSN: Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb – FAKTİKİ HAVA

296

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına görə, ölkə ərazisində qeyri- sabit, güclü küləkli hava şəraiti davam edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s dək güclənib. Neft Daşları stansiyasının məlumatına görə dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaldan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Oktyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.