Aviadaşıyıcılara investisiya etməyə dəyərmi? – ANALİZ

273

ABŞ donanması 10 ədəd “Nimitz”, 1 ədəd isə “Gerald R. Ford” sinfinə məxsus aviadaşıyıcısı ilə dünyanın ən böyük aviadaşıyıcı donanmasına malikdir. Hazırda Çinin iki aviadaşıyıcısı var, lakin, böyük ehtimalla, gələcəkdə bu rəqəm artacaq. Rusiya və Fransanın isə bir aviadaşıyıcısı var. Britaniya, Hindistan kimi ölkələr isə hazırda aviadaşıyıcıların istehsalı üzərində çalışır.

Günümüzdə aviadaşıyıcılar donanmalar üçün güc və prestij simvoluna çevrilib. Lakin texnologiyanın inkişafı ilə aviadaşıyıcıların hələ də effektiv silah olub olmaması sualı gündəmə gəlib.

Bir çoxları İkinci Dünya Müharibəsindən sonra aviadaşıyıcıların artıq köhnəldiyini, sadəcə böyük, bahalı və təhlükələrə qarşı həssas olan gəmilər olduğunu düşünür.

Uzaqmənzilli yüksək dəqiqliyə malik silahların olduğu bir dövrdə aviadaşıyıcılar erası bitib demək olarmı? Bunun üçün əlimizdə kifayət qədər sübut yoxdur. Məsələn, 1941-ci ildə Yaponiyanın Malaya sahillərində Britaniya donanmasının “HMS Prince of Wales” və “HMS Repulse” gəmilərini batırması “Dreadnought” (XX-ci əsrin ən güclü ingilis döyüş gəmiləri) erasının bitdiyinin sübutu oldu. Aviadaşıyıcılarla bağlı isə belə bir hadisə hələ baş verməyib.

Bir çox dəniz mütəxəssisləri düşünürdü ki, Sovet İttifaqının Soyuq Müharibə dövrünün ikinci yarısından sonra bombardmançı təyyarələr, səth gəmiləri və onları daşımaq üçün istifadə edilən sualtı qayıqları ilə birgə uzaqmənzilli ballistik raketləri istehsal etməsi aviadaşıyıcıların sayılı günləri qaldığını göstərirdi. Halbuki nə Sovetlər, nə də ABŞ aviadaşıyıcıların belə bir hücumu nə dərəcə dəf edə biləcəyini sınaqdan keçirməmişdi. “Grumman F-14 Tomcat”, “Aegis” kreyserləri və aviadaşıyıcı zərbə qrupunun digər avadanlıqları Sovetlərin “Tupolev Tu-22M” qırıcıları, “Oscar” sinfli nüvə enerjisi ilə idarə olunan sualtı raket qayıqları, “Slava” və “Kirov” sinfli kreyserləri, o cümlədən raket arsenalı ilə heç vaxt qarşı-qarşıya gəlməyib.

Soyuq Müharibənin bitməsi ilə ABŞ-ın aviadaşıyıcılar sahəsindəki gücü və liderliyi də azalmağa başladı. 1996-cı il ABŞ daşıyıcısı “USS Nimitz”in Çin və Tayvan arasında hərəkət etməsi, Çin tərəfindən təhdid olaraq qəbul edildi və bu hadisə tarixə də Tayvan Boğazı Böhranı olaraq keçdi. Bundan sonra Çin əks tədbirlər görməyə başladı. Bu əks tədbirlərə 1200 dəniz mili uzaqlıqdakı bir aviadaşıyıcını sarsıdacaq və batıra biləcək yeni nəsil gəmi əleyhinə qanadlı və ballistik raketlər daxil idi. Çin və Rusiya ABŞ donanması və aviadaşıyıcılarını təhlükədə saxlamaq üçün milyardlarla dollar xərclədi.

Ekspertlər isə düşünür ki, ABŞ biri 13 milyard dəyərindəki aviadaşıyıcılarını hansısa xarici konflikt üçün riskə atmaz. ABŞ donanması aviadaşıyıcıların Çinin “DF-21D” ballistik raketlərinə qarşı döyüşə biləcəyini desələr də, onlar 1 aviadaşıyıcının belə zərər görməsinin Vaşinqtona siyasi cəhətdən nəyə başa gələ biləcəyini hesaba qatmırlar. Belə bir hadisə Amerikanın etibarına və milli qururuna ciddi ziyan vura bilər.

Avidaşıyıcılar böyük investisiya tələb edir və ölkənin həm döyüş gücünü, həm də milli qurunu bir platforma üzərində cəmləşdirir. Sual budur ki, onların sözügedən qabaqcıl silah sistemləri qarşısında mübarizə edə biləcəyindən əmin olmadan bir aviadaşıyıcıya 13 milyard dollar investisiya qoymaq nə qədər ağlabatandır?

Görünür ki, dənizlərdə geniş miqyaslı qarşıdurma olmayana qədər bu suala cavab tapmaq mümkün olmayacaq.