Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb dəhlizləri və Qoşulmayan ölkələr üçün yeni fürsətlər…

641

Azər Allahverənov: “Sözügedən ölkələr həmin nəqliyyat dəhlizlərinin yaratdığı imkanlardan istifadə etsələr, bu onların xeyrinə olacaq”

Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir. Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündəki nitqində deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır: “Azərbaycanda enerji təhlükəsizliyi təmin edilmişdir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr – Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

O da məlumdur ki, BMT-dən sonra üzv ölkələrin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı ölkələrində dünya əhalisinin 55 faizi yaşayır. Dünya neft ehtiyatlarının 75, qaz ehtiyatlarının isə 50 faizi bu ölkələrin payına düşür. Ölkəmizin sədr seçilməsi həm də Qoşulmama Hərəkatında təmsil olunan ölkələrə Azərbaycanın yaradıcısı olduğu Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərindən faydalanmaq imkanları yaradır. O baxımdan maraqlıdır, QH ölkələri üçün sözügedən nəqliyyat dəhlizləri necə perspektivlər yaradır?

  • “Nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq müstəvidə tranzit ölkə olaraq rolu artır”

Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, QH-də təmsil olunan ölkələr bu və ya digər dərəcədə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edə bilərlər: “Sözügedən ölkələr həmin nəqliyyat dəhlizlərinin yaratdığı imkanlardan istifadə etsələr, bu onların xeyrinə olacaq. Azərbaycanın QH-yə rəhbərlik etməsi ölkə qarşısında yeni imkanlar açır. O cümlədən də nəqliyyat, beynəlxalq yükdaşımalar və logistika sahəsində. QH-də kifayət qədər çoxsaylı ölkələr təmsil olunur. Bu hərəkat, bir növ, platformadır və burada müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq potensialları ortalığa qoyulur. Bu çərçivədə dövlətlərarası əməkdaşlıq əlaqələri müxtəlif sferalar üzrə inkişaf etdirilir. QH ölkələrinin Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirilən nəqliyyat layihələrindən istifadə etmək perspektivi böyükdür. Bu, ölkələrarası əlaqələrin inkişafına təkan verəcək. Həm iqtisadi, həm də digər baxımdan bunun əhəmiyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq müstəvidə tranzit ölkə olaraq rolu artır. QH ölkələri Azərbaycanın fəal iştirak etdiyi nəqliyyat layihələrinin imkanlarından yararlansa, bu, iqtisadi baxımdan həmin dövlətlərin xeyrinə olacaq. Hesab edirəm ki, qarşıdaki illərdə bu yöndə perspektivlər böyükdür. Çox güman ki, hərəkatda təmsil olunan bir sıra ölkələr bu imkanları düzgün dəyərləndirəcək və bu layihələrdən istifadə edəcəklər”.

Mənbə: https://www.baki-xeber.com/siyaset/95816.html