Azərbaycanın Avrasiya nəqliyyat strategiyası özünü tam doğruldur – Tacikistan – Əfqanıstan – Türkmənistan dəmir yolu Azərbaycanla birləşdiriləcək

334

Ölkə ərazisində müasir nəqliyyat infrastrukturu yaradan Azərbaycan üçün prioritet məsələlərdən biri də ərazisindən daha çox yükdışmaların axınını təmin etməkdir. Çünki bu hal qeyri-neft sektorunun mühüm bir qolu kimi Azərbaycanın böyük həcmdə gəlirlər əldə etməsini təmin edir. Belə görünür ki, bu xüsusda atılan addımlar tədricən öz müsbət nəticələrini verir.

Xatırladaq ki, bu məsələyə Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən xüsusi olaraq toxunub. Dövlət başçısı burada qeyd edib ki, bu gün qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır: “Biz hazırda Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tiflis-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq”.

Qeyd edək ki, Özbəkistanla aparılan danışıqlar artıq öz nəticələrini verməkdədir. Belə ki, Özbəkistan Nəqliyyat Nazirliyi 2020-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir. Bununla bağlı olaraq Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbərliyi və “Azərbaycan Dəmir Yolları” QSC  müvafiq razılığa gəlib. Bundan əlavə, iki ölkənin tranzit potensialının inkişaf perspektivləri və Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu boyunca multimodal nəqliyyatın təşkili məsələləri də diqqət mərkəzindədir. “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Xusnutdin Xasilov isə bildirir ki, ölkəsi  Bakı-Tiflis-Qars dəmir yolu marşrutundan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Orta Asiyanın digər ölkəsi olan Tacikistan da əslində prosesdə maraqlıdır. Bundan əvvəl Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bildirmişdi ki, onun da ölkəsi bu dəmiryol xəttinin fəaliyyətində iştirak niyyətindədir: “Biz gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin Azərbaycanın dəmir yolu xətlərinə qoşulması layihəsinin perspektivlərini nəzərdən keçiririk”. Onun sözlərinə görə, bu dəmir yolları xətlərinin birləşməsi ilə gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanacaq yolun önünü açmaq olar: “Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına mane olan amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğudur. Ölkəmizin coğrafi mövqeyini nəzərə alsaq, bu cür ticarət, təbii ki, zəruri infrastrukturun yaradılmasını tələb edir. Tacikistan iqtisadiyyatımızın lokomotivi olan alüminium istehsalı üçün gil torpaq və neft koksu idxalında maraqlıdır. Üstəlik, Azərbaycana Gəncə zavodunda yenidən işlənməsi üçün anod blokları və boksit ixracında, ardından isə bu prosesdən yaranacaq və alüminiumun əridilməsi zamanı istifadə olunan alüminium-oksidin alışında maraqlıyıq”. Bütün bunlar onu göstərir ki, yaxın tezlikdə Orta Asiya ölkələrinin hamısının  Bakı-Tiflis-Qars dəmir yolundan istifadəsini gözləmək olar. Xatırladaq ki, artıq Qazaxıstan, Türkmənistan yüklərinin bu marşrutla daşınması həyata keçrilir. Digər tərəfdən, Azərbaycanın nəqliyyat marşrutlarına qoşulmaq Orta Asiyanın dünya bazarlarına çıxışını təmin edir. Artıq Çinin də Bakı-Tiflis-Qarsdan istifadə etməsi Orta Asiya ölkələrinin bu xüsusda marağını artırır. Onlar bununla “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərindən istifadənin mümkünlüyünü da yaxşı bilirlər. Rusiyanın  Qlobal Problemlər Mərkəzinin eksperti  Aleksandr Tokarev qeyd edir ki, Azərbaycanın tranzit imkanları, əslində təkcə Orta Asiya ölkələri yox, digər MDB üzvləri, o cümlədən Rusiya üçün də olduqca maraqlıdır: “Bunlar da təsadüfi deyil. Təkcə “Şimal-Cənub”a baxmaq kifayətdir. Coğrafiya və iqtisadiyyat ilk növbədə Azərbaycanın “Şimal-Cənub”da iştirakını diktə edir. Azərbaycan, Rusiya, İran və Hindistan “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Belə ki, Çinə rəqib olan Hindistan öz mallarını “Şimal-Cənub”la Avropaya daşımaq uğrunda mübarizə aparacaq. Rusiya isə, öz növbəsində, yüksək texnoloji malların təchizatında maraqlıdır. Lakin hər şey İrana və bu ölkədə inkişaf etməmiş nəqliyyat infrastrukturuna dirənir. Bu mənada, Azərbaycan qonşusu ilə müqayisədə böyük üstünlüyə malikdir. Azərbaycanın üstünlüklərindən biri də onun Rusiya ilə İranı birləşdirən yeganə ölkə olmasındadır. Məlum səbəblərdən Ermənistan və Gürcüstandan dəhliz tikmək, ən azından, Rusiya və Gürcüstan arasında olan ziddiyıtlərdən dolayı çox problemlidir. Azərbaycan  obyektiv olaraq “Şimal-Cənub” layihəsinin adekvat, ən rahat iştirakçısıdır.

Azərbaycan çoxvektorlu siyasət çərçivəsində Çinlə strateji münasibətlərə can atacaq və bu, qlobal dünyada adekvat yanaşma sayılır. Lakin perspektivdə respublika daha çox “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirəcək. Bu zaman Azərbaycan həmin konteyner daşınmaları üçün çox gözəl tranzit ölkəsi rolunu oynayacaq. Bu mənada MDB-də, o cümlədən Orta Asiyada Azərbaycana artan diqqət heç də təsadüfi xarakter daşımır”. Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın tranzit yükdaşımalardan  kifayət qədər böyük gəlirlər əldə edəcəyini aydın nümayiş etdirir.