Türkiyənin “Fatih” gəmisi Aralıq dənizində yeni ərazidə qazmaya başlayıb

254

Türkiyənin “Fatih” qazma gəmisi Aralıq dənizində yeni ərazidə qazmaya başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti “Twitter” hesabında məlumat yayıb. Bildirilir ki, “Fatih” gəmisi yeni ərazidə – “Magosa-1”də qazmaya başlayıb.

Gəminin təyin olunmuş koordinatlarda fəaliyyətini 2020-ci il fevralın 23-dək davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə ötən il oktyabrın 30-da “Fatih” gəmisi ilə Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışır. TPAO ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.

“Rowan Norway” gəmisi ilə isə Mersin sahillərində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. TPAO şirkəti ABŞ-ın “Rowan Companies” şirkəti ilə Aralıq dənizində 2 neft-qaz kəşfiyyat quyusunun qazılması üçün müqavilə imzalayıb.

Yerli istehsal olan “Fatih” qazma gəmisi isə keçən ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir.

Türkiyə Qara dənizdə də neft və təbii qaz axtarmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır