Azərbaycan sərhədçiləri Xəzər dənizində səhhəti pisləşən İran və Rusiya dənizçilərinə yardım göstəriblər

255

Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 1-də saat 17:50 radələrində Hövsan reydində olan İran İslam Respublikasına məxsus “Paya” quru yük gəmisinin dörd nəfər heyət üzvü – İran vətəndaşları 1976-cı il təvəllüdlü Abditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəllüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülüb və onlar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə ediliblər.

Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan reydində hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar kömək göstərilməsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb. Növbətçi sərhəd gözətçi gəmisinin qayığı tərəfindən Hövsan limanına çıxarılan E.Zubankov tibb müəssisəsinə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır