Çinin “COSCO Shipping Lines” şirkətinin nümayəndələri ASCO-da olublar

280

Daşıma sahəsində dünyanın ən iri şirkətlərindən sayılan Çinin dövlət şirkəti “COSCO Shipping Lines”in nümayəndələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) olublar.

ASCO sədri Rauf Vəliyev qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit potensialının daha da artırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Bildirib ki, bu gün Azərbaycan yerli əhəmiyyətli layihələrlə yanaşı, qlobal miqyaslı təşəbbüslərlə də çıxış edir və bu təşəbbüslərin icrasında birbaşa iştirak edir.

ASCO-nun fəaliyyəti barədə təqdimat edən sədr bildirib ki,  Avropa -Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin və sərnişinlərin daşınması ilə bərabər, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Sədr qeyd edib ki, donanmasının tərkibindəki gəmilərin müxtəlifliyinə görə ASCO dünyanın unikal gəmiçilik şirkətlərindən sayılır.

Rauf Vəliyev onu da qeyd edib ki, Xəzərdə yeganə bərə operatoru olan ASCO-nun donanmasının tərkibində hazırda 13 ədəd bərə-gəmi mövcuddur. O, daha iki bərə-gəminin inşa edildiyini də qonaqların diqqətinə çatdırıb.

Sədr bildirib ki, ASCO gəmiçilik sahəsində qabaqcıl və təcrübəli beynəlxalq şirkətlərlə əməkdaşlıqda hər zaman maraqlıdır. Bu baxımdan “COSCO Shipping Lines” şirkəti ilə də tərəfdaşlığa hazırdır.

Daha sonra “COSCO Shipping Lines”in Avropa üzrə vitse-prezidenti Vang Songven geniş təqdimat edib. O, təmsil etdiyi şirkətin dövlətə məxsus olduğunu bildirərək daşımaçılıq, gəmiqayırma kimi müxtəlif istiqamətlərdə xidmətlər göstərdiyini deyib. Vang Songvenin sözlərinə görə, şirkət hazırda 1300-dən artıq müxtəlif növ gəmi istismar etməklə beynəlxalq yükdaşımalarda mühüm rol oynayır.

Vang Songven ASCO ilə daşıma və logistika sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O, gələcəkdə bu istiqamətdə daha məqsədyönlü addımların atılmasını önə çəkib.

Mənbə: https://asco.az/cinin-cosco-shipping-lines-sirketinin-numayendeleri-asco-da-olublar/