ADDA-da dahi şair İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii yaradıcılıq tədbiri keçirilib

553

Dekabrın 20-də Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi poeziyası: İnsana himn. İslam Şərqinin mənəvi-mədəni dəyərlərinin fövqündə” mövzusunda ədəbi-bədii yaradıcılıq tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, dahi şair daim fədakar dənizçilərimiz tərəfindən də xüsusi hörmətlə yad olunur. Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus gəmilərdən biri şairin adını daşıyır.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev dahi mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan mədəniyyəti, fəlsəfi düşüncə tarixində mövqeyi barədə məlumat verərək bildirib ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə dahi mütəfəkkirin 600 illiyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub. Zəngin mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin dünyaya layiqincə çatdırılması, eyni zamanda Azərbaycanın mütərəqqi bəşəri ideyalara, dialoqa, əməkdaşlığa açıq ölkə elan edilməsi fonunda bu gün Nəsiminin yenidən dünyaya təqdimatı çox vacibdir. Əsas hədəf Nəsimi irsini, onun fəlsəfi görüşlərini, əbədiyaşar poeziyasını beynəlxalq aləmə təqdim etmək, dünyada Nəsimişünaslığa tamamilə təzə nəfəs verməkdir. Bu gün Nəsimişünaslığın bütün çalarları incəliyinə qədər öyrənilməlidir ki, onun təqdim etdiyi insanlıq fəlsəfəsini bütün dünya anlasın, dərk etsin.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun aparıcı elmi işçisi, nəsimişünas, dosent Qüdsiyyə Qəmbərova məruzə ilə çıxış edərək, Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən Sərəncamın XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Tədqiqatçı böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işığında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da il ərzində keçirilmiş tədbirlərdən danışıb,  Nəsimi şeirinin dil və üslub xüsusiyyətlərinin geniş və hərtərəfli, sistemli və bütöv şəkildə araşdırılmasını özündə əhatə edən elmi toplu və monoqrafiyaların, Nəsimi “Divan”ının geniş elmi şərhlərlə nəşr edilməsi və böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətninin hazırlandığını qeyd edib.

            “Humanitar fənlər” kafedrasının əməkdaşı Sevinc Rzayeva “Nəsimi poeziyası-İnsan “mən”inin kamillik konsepsiyası” mövzusunda çıxışında bildirib ki, Azərbaycan xalqının milli “mən”ini, milli dəyərlərini təcəssüm etdirən şəxsiyyətlərdən biri olan Nəsiminin həyatı, şəxsiyyəti və poeziyası bütövlükdə kamil insan konsepsiyasını ifadə edir. Əgər Nəsimi sənətindəki dərin humanizm qlobal-bəşəri mahiyyət daşıyırsa, onun yüksək poеtik sənətkarlığı, dilinin şirinliyi və aхıcılığı, hеyrətamiz poеtik ritmikası öz doğma хalqına хidmət еdir və azərbaycançılıq ideologiyasının nişanələrini daşıyır. Məruzəçi milli kökənimizə qayıdış və azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməyin vacib olduğunu diqqətə çatdırıb.  

            Akademiyanın II kurs tələbəsi Ayşən Şükürova “Nəsimi irsində insan mənəvi-əxlaqi kamillik rəmzidir” mövzusunda məruzəsində İmadəddin Nəsimini Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan böyük cəsarət sahibi kimi qiymətləndirib.

Yubiley proqramı gedişində akademiyanın TGT-nın üzvləri və Milli Konservatoriya nəzdində Musiqi Kolleci Tələbə Gənclər Təşkilatının xor kollektivi Nəsimi yaradıcılığına müraciət edərək, müxtəlif janrlarda ədəbi-bədii nümunələrlə çıxış ediblər.

Mənbə: http://adda.edu.az/az/news/1433