Öz dövrünün “Ən yaxşı kapitan”ı Teymur Əhmədov

476

Teymur Qafar oğlu Əhmədov 1935-ci ildə anadan olub.

1956-cı ildə Tallin dəniz yolları məktəbində “gəmi sürücüsü” ixtisasına yiyələnib və təyinatla Şimal Dəniz Gəmiçiliyinə (Arxangelsk şəhərinə) göndərilib. 1962-ci ilədək nəqliyyat donanmasının gəmilərində üzüb, sonra Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1970-ci ilədək Gəmiçiliyin gəmilərində kapitan köməkçisi, 1970-ci ildən isə uzaq səfərlər kapitanı işləyib.

“Yenigundem” xəbər verir ki,Əhmədov gəmiçilik vəzifələrinin bütün pillələrindən keçərək böyük əməli təcrübə qazanıb. 1975-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin “Ən yaxşı kapitan”ı adına layiq görülüb. 1976-cı ildə Gəmiçiliyin yük daşınması və donanmanın hərəkəti xidmətinin rəisi təyin edilib. 1978-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu “mühəndis-istismarçı” ixtisası üzrə bitirib və həmin ilin dekabrında donanma və limanların istismarı üzrə Xəzər Dəniz Gəmiçiliyi rəisinin müavini vəzifəsinə irəli çəkilib. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin olunub.

Teymur Əhmədov öz vəzifələrinə həmişə təşəbbüskar, işgüzar və yüksək səviyyəli təsərrüfatçı kimi yanaşıb. Böyük əməli təcrübəyə və yaxşı nəzəri biliyə malik olması ona donanmanın istismarının təşkilində əsaslı dəyişikliklər etməyə və onun iqtisadi səmərəliyini yüksəltməyə imkan verib.

Əhmədov özünə və tabeliyində olan işçilərə tələbkarlığı bərabər, həm də adamlara qarşı çox həssas, diqqətli olmağı ilə seçilib.

Əhmədovun əməyi “Rəşadətli əməyə görə” və “Əmək igidliyinə görə” medalları ilə qeyd olunub.

Teymur Qafar oğlu Əhmədov 1994-cü il fevralın 17-də 59 yaşında xidməti vəzifəsini icra edərkən qəflətən vəfat edib.

Sevda Abdullayeva

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi