Xəzər Dəniz Neft Donanmasının dənizçilərinin sualları cavablandırılıb

345

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər heyəti Xəzər Dəniz Neft Donanmasının bir qrup dənizçisi ilə cari ilin ilk görüşünü keçirib.

ASCO-nun sədri Rauf Vəliyevin təşəbbüsü ilə baş tutan görüşdə dənizçilərin müxtəlif mövzularda sualları cavablandırılıb. 

Sədr bildirib ki, əməkdaşların iş şəraitinin və sosial rifahının daha da yaxşılaşmasında, dənizçilərin peşəkarlığının artırılmasında hər zaman maraqlıdır. Bu məqsədlərə tam nail olmaq üçün davamlı tədbirlər həyata keçirilir.

Rauf Vəliyev ASCO-nun strateji hədəflərindən də danışıb. Bu istiqamətdə indiyədək bir çox nailiyyətlər qazanıldığını qeyd edib.  Qarşıda xeyli görüləcək işlərin olduğunu deyən sədr bu məsələdə dənizçilərə güvəndiyini bildirib.

ASCO sədri yeni işə qəbul olunan əməkdaşlara dəstək göstərməyin vacibliyini də vurğulayıb: “Təcrübəli dənizçilər gəmilərə gələn gənclərdən köməkliklərini əsirgəməməlidir. Nəzərə almaq lazımdır ki, yenilənən və müasirləşən donanmalarımızda savadlı və gənc dənizçilərin olması daha böyük uğurlara yol aça bilər,”- deyə sədr qeyd edib.

Müzakirələr zamanı ölkədə dənizçilərə göstərilən diqqət və qayğının ildən-ilə daha da artdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə böyük uğurların əldə edildiyi vurğulanıb.

Görüşdə dənizçilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bu formatda görüşlərin mütəmadi keçiriləcəyi qeyd olunub. 

Mənbə: https://asco.az/xezer-deniz-neft-donanmasinin-denizcilerinin-suallari-cavablandirilib/