Prezident yükdaşımalarda Azərbaycanın öz şirkətlərinin çox zəif iştirakını tənqid etdi – problem nədədir…

322

İlqar Hüseynli: “Azərbaycanın nəqliyyat sektoru yükdaşımaya deyil, daha çox sərnişindaşımaya üstünlük verir”

Azərbaycan Prezidenti İlham Əliyev xaricə yüklərin nəqlində Azərbaycan şirkətlərinin iştirakının artırılmasını zəruri hesab edir.

Dövlət başçısı çərşənbə günü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən yüklərin daşınmasında Azərbaycan şirkətlərinin zəif iştirak etdiyini deyib: “Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır”.

İ.Əliyev qeyd edib ki, ilk növbədə, yükdaşımaların neçə faizinin Azərbaycan şirkətləri tərəfindən icra edilməsi ilə bağlı təhlil aparılmalıdır: “Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyəti nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın”.

  • “Yükdaşımada yerli şirkətlərin daha çox üstünlük təşkil etməsi üçün sahibkarlar bu işdə maraqlı olmalıdırlar”

Azərbaycan şirkətlərinin beynəlxalq yükdaşımalarda nə səbəbdən zəif iştirak etdiyini öyrənmək məqsədilə sosial sahə üzrə ekspert İlqar Hüseynliyə müraciət etdik.

O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın nəqliyyat sektoru yükdaşımaya deyil, daha çox sərnişindaşımaya üstünlük verir: “Bu səbəbdən yükdaşıma sektorunda geriləmə müşahidə olunur. Yükdaşımada yerli şirkətlərin daha çox üstünlük təşkil etməsi üçün sahibkarlar bu işdə maraqlı olmalıdırlar. Yeni yük maşınlarının alınmasında sahibkarlar daha çox səy göstərməlidirlər. Aidiyyəti qurumlar bu işlə məşğul olan sahibkarlara, özəl şirkətlərə dəstək göstərməlidirlər. Onlara güzəştli şərtlərlə kredit verilə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi ötən illərlə müqayisədə artıb: “Azərbaycanda 2023-cü ildə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcminin 156,8 mln. tona çatacağı proqnozlaşdırılır ki, bu da 2019-2020-ci illər üçün olan gözləntilərlə müqayisədə 4% çoxdur. Məlumat üçün bildirim ki, 2020-ci ildə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 152,3 mln. ton, 2021-ci ildə 153,7 mln. ton, 2022-ci ildə isə 155,3 mln. ton olacağı gözlənir”.

İ.Hüseynli hesab edir ki, yerli şirkətlər beynəlxalq yükdaşımalarda daha aktiv fəaliyyət göstərərsə, yükdaşımaların həcmi daha da artar.