Karantin günlərində aztəminatlı veteran dənizçilər xüsusi diqqətdə saxlanılır

323

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları xüsusi diqqət və qayğıya ehtiyacı olan, aztəminatlı veteran dənizçi ailələrə maddi və mənəvi dəstək göstərməklə, dövlətin bu istiqamətdə apardığı sosial aksiyalarda fəal iştirak edirlər.

ASCO-nun əməkdaşları Bakının müxtəlif ərazilərində yaşayan aztəminatlı veteran dənizçi ailələrə baş çəkiblər. Onlara gündəlik qida məhsullarından ibarət bağlamalar təqdim ediblər.

Dənizçilər profilaktik söhbətlər də aparıblar. Belə ki, veteran əməkdaşlara ölkədə elan edilən xüsusi karantin rejiminə əməl olunmasının zəruriliyi barədə məlumat verilib, onların evdə qalmağının vacib olduğu vurğulanıb.

Qocaman dənizçilər öz növbələrində  göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

Ümumiyyətlə, ASCO-da veteran əməkdaşlara qarşı daim xüsusi diqqət və qayğı göstərilir. ASCO-nun müvafiq departament və şöbələrinin əməkdaşları karantin rejimi günlərində yaşı 60-dan yuxarı olan, eyni zamanda veteran dənizçilərlə mütəmadi əlaqə saxlayır, onların maddi və mənəvi vəziyyətləri ilə maraqlanırlar.

Dənizçilər bu cür sosial dəstək tədbirləri bundan sonra da davam etdirəcəklər.

Mənbə:https://asco.az/karantin-gunlerinde-azteminatli-denizciler-xususi-diqqetde-saxlanilir/