Petr Petrovski: “Belarus Azərbaycan neftinə ümid bəsləyir” – MÜSAHİBƏ

252

Ötən gün Ukrayna Ali Radası Belarusda 15 sentyabr tarixində keçirilən prezident seçkilərini qanunsuz elan etdi.

Qərar 228 deputat tərəfindən dəstəkləndi, 28 nəfər əleyhinə səs verdi, 21 parlamentari bitərəf qaldı.

Sənəddə Belarusda seçkilərin saxtalaşdırıldığı və Ukraynanın sanksiya məsələsi də daxil olmaqla Avropa İttifaqının mövqeyi ilə razılaşdığı qeyd olunur.

Bu arada Kiyevlə Minsk arasındakı siyasi münasibətlərin faktiki olaraq pozulması iqtisadi əlaqələrə təsir göstərə bilər.

Xatırladaq ki, bu il Azərbaycan neftinin Ukrayna ərazisindən keçərək Belarusa çatdırılması üçün sabit bir kanal yaradıldı.

Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından deputatı, Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin sədr müavini Aleksandr Dubinski Media.Az-a verdiyi müsahibədə siyasi çətinliklərin iqtisadi əməkdaşlığa da təsir edəcəyini istisna etməyib.

Eyni zamanda, Aleksandr Dubinski digər dövlətin işlərinə müdaxiləni qəbuledilməz hesab etdiyini və bu səbəbdən səs vermədə iştirak etmədiyini qeyd etdi: “Mən düşünürəm ki, Belarusda siyasi proseslərin bitməsini gözləmək lazımdır, yalnız bundan sonra hökumətlə əməkdaşlıq perspektivlərindən danışmağa dəyər”

Bu arada belaruslu politoloq, Belarusun “Yevraziya.Ekspert” nəşrinin redaktoru Petr Petrovski Media.Az-ın suallarını cavablandırarkən, Ukrayna Ali Radasının Belarus Respublikasında keçirilən prezident seçkilərinin nəticələrini qiymətləndirmək üçün heç bir qanuni və hüququ əsasa sahib olmadığını qeyd etdi.

“Bu cür qiymətləndirmələri verə biləcək yeganə səlahiyyətli orqanlar Mərkəzi Seçki Komissiyası və Belarus Respublikası Ali Məhkəməsidir. Ukrayna Ali Radasının Belarus Ali Məhkəməsinin və ya bizim ölkəmizin Mərkəzi Seçki Komissiyasının funksiyalarını öz üzərinə götürmək cəhdi savadsızlığın təzahürüdür. İkincisi, bu suveren bir ölkənin daxili işlərinə müdaxilə faktdır” deyə P. Petrovski qeyd etdi.

Bəs siz iqtisadi əməkdaşlıq barədə nə düşünürsünüz, axı Azərbaycan nefti Belarusa Ukrayna vasitəsilə tədarük olunur?

Bu, çətin mövzudur. Ancaq Ukraynada spesifik xüsusiyyətlər var. Ali Rada və ya Prezident Aparatı tərəfindən qərar verilə bilər, ancaq yerlərdə işləyən konkret təsərrüfat  subyektləri var.

Rusiya ilə əlaqəli başqa bir məqam da var. Bu gün Rusiya tərəfi həqiqətən Belarusa alternativ neft tədarükünə icazə vermək istəmir. Minsk artıq Litva və Latviyanın Baltik limanlarını tərk edib. Bu məqam, misal üçün, ABŞ neftinin çatdırılmasını mümkünsüz edir. İndi Belarus və Rusiya arasında əsasən də 2020-ci ilin əvvəlindən Rusiya Federasiyası neftin çatdırılmasındakı ixtisara görə 21 faiz düşən əmtəə dövriyyəsinin bərpası məsələsi qaldırılır.

Buna görə də, istisna etmirəm ki,  Rusiya öz şirkətləri tərəfindən Belarusa neft tədarükünün tam həcmdə bərpasına israr edəcək.

Ancaq, dəqiq deyə bilərəm ki, Belarus tərəfi tədarükün şaxələndirilməsində (diversifikasiyasında) maraqlıdır və biz Azərbaycan neftinə ümid edirik.

Xüsusilə Rusiya şirkətlərinin kartel sazişləri təşkil etmək, bəzi əlavə gəlir əldə etmək cəhdləri fonunda.

Minskdə ümid edirlər ki, ilk növbədə iqtisadi komponent nəzərə alınacaq.  

Beləliklə, bir daha təkrar edirəm, Belarus Respublikası Azərbaycandan tədarükün davam edəcəyinə ümid edir və bu məsələdə Ukraynanın mərkəzi hökumətindən yan keçərək Ukraynadakı müvafiq sahibkarlıq subyektləri ilə əməkdaşlıq etməyə hazırdır.