Azərbaycan 4-cü sənaye inqilabına necə hazırlaşır?

262

Bu mövzu Texniki Universitetin təşkil etdiyi seminarda geniş müzakirə olunub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabı: Yaşıl enerji zonası, ağıllı şəhər və kəndlər” mövzusuna həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş özü ilə açan AzTU-nun rektoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyev mövzunun aktuallığına diqqət çəkərək BMT-nin, Asiya İnkişaf Bankının və digər beynəlxalq qurumların, eləcə də texnoloji cəhətdən inkişaf etmiş ölkələrin Azərbaycan prezidentinin irəli sürdüyü bu təşəbbüsə dəstək verdiklərini vurğulayıb:

“Bu da deməyə əsas verir ki, biz burada yaşıl enerji zonasının, eyni zamanda “ağıllı şəhər”, “ağıllı kənd”lər konsepsiyasının geniş tətbiqinin şahidi olacağıq. Azərbaycan Texniki Universiteti bu təşəbbüsün iştirakçısı olmalıdır. Bu istiqamətdə seminarlar keçirilməsi və əməli işlər görülməsi, tədrisin bu istiqamətə yönəldilməsi, prosesdə yaxından iştirak bizim üçün bir şərəf işidir”.

AzTU İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz seminara moderatorluq etməklə yanaşı, “Ağıllı şəhər və kənd rəqəmsal transformasiyanın tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış etdi. O, bu məsələ ilə bağlı pezidentin sərəncamını xatırlatdı:

“Bu yöndə cavabdeh qurumlar da müəyyən olunub. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu konsepsiyanın üzərində işləyir. Eyni zamanda “ASAN Xidmət”, Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi də bu istiqamətdə öz təkliflərini hazırlayırlar. 25-ə qədər dövlət qurumu arasında bu konsepsiyanın hazırlanması ilə bağlı müzakirələr gedir. Bizim təşkil etdiyimiz bu seminarın bilik və informasiya məhsulu da konsepsiyanın hazırlanmasına hansısa bir töhfə vermiş ola bilər. Avropa ölkələri bu layihəyə 2014-2017-ci illər aralığında başlayıblar. Yəni bu, elə də uzaq yox, yaxın keçmişdir. Hesab edirəm ki, bizim hazırkı vəziyyətimiz də daha üstün mövqe qazanmağa kömək edəcək. Dördüncü sənaye inqilabı əvvəlki sənaye inqilablarından onunla fərqlənir ki, bu layihəni kim birinci mənimsəyəcəksə, digərləri ilə rəqabətdə hədsiz yüksəliş əldə edəcək. “Rəqəmsal bərabərsizlik” ölkələr arasında çox hədsiz dərəcədə genişlənəcək”.

Professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Azad olunmuş ərazilərə qayıdışı stimullaşdırmaq üçün enerji siyasətinin özəllikləri” adlı məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycanda enerji probleminin həllinə fəlsəfi yanaşılmır:

“Məsələn, bu yaxınlarda benzinin qiymətini qaldırdılar. Bu yanaşma düzgün deyil. Azərbaycan əhalisinin bir qismi çox varlıdır. Həmin insanlar 100-300 minlik avtomobillər idarə edirlər. Onların işlətdikləri Aİ-98 markalı benzinin qiymətini iki dəfə qaldırın, heç veclərinə də olmayacaq. Amma bunu digərlərinə tətbiq etməyin. Çin lider dövlətlərdən biridir. O, əhalinin kasıb hissəsinə benzini pulsuz verir, varlıya isə iki-üç qat artıq qiymətə satır. Bizdə bütün markaların qiymətlərinin eyniləşdirilməsini düzgün hesab etmirəm, bunu anormallıq sayıram. Bizim yaşamamız üçün 3 vacib element var: hava, su və torpaq. Dördüncü element isə enerjidir. XXI əsrdə yaşamaq üçün enerji lazımdır. Bu gün rayonlardan Bakıya axın var. Bakıda yaşamaq potensialı kəndlərdən qat-qat artıqdır. Amma kənddə enerjinin qiymətini tənzimləməklə insanların orada yaşamasına imkan yaratmaq olar. Bununla bağlı “Kəndə dönüş” adlı konsepsiyamda İqtisadiyyat Nazirliyinə öz təkliflərimi də təqdim etmişəm. Bundan bir çox ölkələrdə istifadə edirlər. Məsələn, Gürcüstanın dağ kəndlərində enerji pulsuzdur. Halbuki Gürcüstan enerjini bizdən alır. Bizim türk qardaşlarımız da dağ kəndlərində yaşayış üçün stimullaşdırıcı tədbirlər görürlər. Ən güclü stimullaşdırıcı tədbir enerjinin qiymətini idarə etməkdir. Qiymət artımında da məntiqi yanaşma olmalıdır. Qiymət qalxırsa, maaşlar da iki-üç qat artırılmalıdır. Qarabağda enerji güzəştləri olsa, insanlar orada yaşamaq üçün axın edəcəklər. Lazımi şərait yaradılmalıdır ki, insanlar ora həvəslə gedə bilsinlər”.

Milli Məclisin üzvü Etibar Əliyev “IV sənaye inqilabının paradiqmaları”ndan danışdı:

“Birinci sənaye inqilabı buxar maşınının kəşfi və istehalın mexanikləşdirilməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə və yaxud sənayenin inkişafı, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarının kütləvi istehsalını nəzərdə tuturdusa, dördüncü sənaye rəqəmsallaşmanı, texnologiyanın birləşməsini, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qaldırılmasını səciyyələndirir”.

AzTU-nun tədris işləri üzrə prorektoru, əməkdar mühəndis, əməkdar elm xadimi, professor Nurəli Yusifbəyli “Azərbaycanın postneft dövrü: enerji sektorunun inkişaf trendləri” mövzusunda çıxış etdi. O, Azərbaycanın enerji əlçatanlığına görə dünya ölkələri arasında 2-ci, təbii qaz ehtiyatlarına görə 14-cü, neft ehtiyatlarına görə isə 21-ci yerdə olduğunu xatırlatdı.

Alternativ və bərpaolunan enerji mənbələri üzrə mütəxəssis Ceyhun Xəlilov qeyd etdi ki, “Smart city” və “Smart village” layihəsi ölkədə bir ilk olacaq:

“Bu işlərə pilot layihə kimi başlanacaqsa, mütləq modul tipli olmalıdır. Bu zaman onlar həm sökülməsi, həm də yığılması çox asan başa gələ bilən olmalıdır. Bu, ona görə edilməlidir ki, onların sökülməsi sonradan çox ciddi problemlər yaratmasın. Birdən-birə “smart” layihələrə yüz faizlik keçid etmək olmaz. Əlli faiz mexaniki, əlli faiz isə rəqəmsal qaydada həyata keçirilməlidir”.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Ülviyyə Şahin