Adına dəniz, çay, göl… olan kapitan

285

Berinq dənizi, Berinq gölü, Berinq çayı,  Berinq körfəzi, Berinq boğazı, Berinq adası, Berinq burnu, Berinq buzlağı… Əminəm ki, dənizçilər Berinqin kim olduğunu yaxşı bilirlər. Danimarka əsilli bu rus dənizçisini daha yaxşı tanımağa dəyər.

Rusiya Dəniz Donanmasında xidmət edən və xidmət dövründə İvan İvanoviç kimi tanınan Berinq Vitus İonassen 1681-ci il avqustun 12-də  Danimarkanın Horsens qəsəbəsində gömrük məmurunun ailəsində doğulub. Məktəbi bitirdikdən sonra Hərbi Dənizçilik Kadet Korpusuna daxil olur. Həmin dövrdə Rusiya donanmasının norveç əsilli vitse-admiralı K.I. Kryus ilə tanış olur və onun köməyi ilə rus donanmasına astsubay leytenant kimi cəlb edilir. 1706-cı ildə leytenant rütbəsi alır.

Birinci Pyotr 1724-cü il dekabrın 23-də Kamçatkaya ekspedisiyanın təşkil edilməsi haqqında fərman imzalayır. Ekspedisiya rəhbərlik edə biləcək layiqli zabit axtarışı zamanı admirallıq kapitan Berinqin namizədliyini irəli sürür. 1725-ci ildə Berinq Asiya ilə Amerika arasındakı quru yolu axtarmaq məqsədi ilə Sakit okeana göndərilən Birinci Kamçatka ekspedisiyasına rəhbərlik edir.  

1725-ci ildə Sibirdən başlayan və Oxota qədər uzanan ilk  səyahət 1730-ci ildə başa çatır.  Berinq və komandası beş il çəkən (1725–1730) səyahət zamanı tapşırıqların öhdəsindən layiqincə gəlir. Bu ekspedisiya  nəticəsində Kamçatka və Çukotka sahillərinin böyük əraziləri xəritəyə salınır. Kamçatkanı cənubdan keçən rus dənizçilər Kamçatkanın Yaponiya ilə əlaqəli olmadığını sübut edirlər. Ancaq ən əhəmiyyətli kəşf, səyahətçilərin Asiya ilə Şimali Amerika arasındakı boğazdan keçmələri idi, həmin ərazi daha sonra “Berinq” adlandırılır.

Daha sonra ekspedisiya Kamçatkadan 200 kilometr şərqə doğru irəliləyir və Avaçinski körfəzini kəşf edir. 

1730-cu ildə ekspedisiya üzvləri Sankt-Peterburqa qayıdır və admirallığa ətraflı hesabat verirlər. Dəniz səlahiyyətliləri hesabata şübhə ilə yanaşırlar. Buna baxmayaraq, onların əməyi lazımınca qiymətləndirilir. Vitus Berinqə isə kapitan-komandir rütbəsi ilə yanaşı,  1000 rubl nağd pul verilir.

Birinci ekspedisiyadan sonra Berinq şimal-şərq torpaqlarını daha dərindən araşdırmaq və Amerikaya şərq dəniz yolunu tapmaq məqsədi ilə yeni ekspedisiya təklifini irəli sürür. Təklifi  qəbul olunur və Berinq İkinci Kamçatka (Böyük Şimal) ekspedisiyasına rəhbər, A. Çirikov isə müavini təyin edilir.

İkinci Kamçatka Ekspedisiyasının dəstələri 10 il ərzində (1733-cü ildən 1743-cü ilədək) Amerika və Yaponiyaya gedən yolları araşdırır, Rusiyanın şimal və şərq sahillərini, Şərqi Sibirin daxili ərazilərini, Şimal-Qərbi Amerika sahillərini, Kuril və Aleut adalarını xəritəyə salırlar.

Kapitanın səhhətinin pisləşməsinə baxmayaraq, səyahətçilər Amerika sahillərində araşdırmalarına davam etdirirlər. Avqust – sentyabr aylarında Tumannıy adası (Çirikova), Alyaska yarımadasındakı Aleut dağ silsiləsi aşkar edilir. 1741-ci il noyabrın 4-də gəmi Alyaska yaxınlığında yerləşən adaya çatır. Dörd gün sonra, dekabrın 8-də vəfat edən kapitanı burada dəfn edirlər. Daha sonra adaya kapitanın adı verilir.  1991-ci ildə Rusiya-Danimarka ekspedisiyası Komandor adalarında böyük dənizçinin məzarını tapır… 

Seanews.az