Bakı Limanının Baş direktoru beynəlxaq konfransda çıxış edib

216

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı“ QSC-nin Baş direktoru Taleh Ziyadov ADA Universitetinin və Böyük Britaniyanın COMPASS layihəsinin dəstəyi ilə keçirilən “Avrasiyada daha davamlı əlaqə üçün Avropa Birliyi, İngiltərə və Çinin əməkdaşlıq təşəbbüsləri: Azərbaycanın rolu” adlı onlayn konfransda iştirak edib.

Bakı Limanının yerləşmə mövqeyinin unikallığı, limanın yükaşırma imkanları, son illər əldə edilmiş uğurlu statistik göstəricələr barədə məlumat verən Baş direktor, Bakı Limanının Xəzər dənizində ilk “Yaşıl Liman” statusu almasını xüsusi ilə vurğulayıb. Eyni zamanda, Bakı Limanının inkişafı ilə bağlı danışan Taleh Ziyadov artıq liman ərazisində, Mərkəzi Asiya ölkələrindən Avropaya və ya Qərb ölkələrinə Azərbaycan üzərindən ixrac edilən gübrə məhsullarının daşınmasında operativliyi təmin etmək məqsədi ilə gübrə terminalının tikintisinə başlanıldığını bildirib. Gələn ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan terminalda ildə 2,5 milyon ton gübrənin aşırılması mümkün olacaq ki, bunun sayəsində Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsullarının həcmində böyük artımın olması nəzərdə tutulur. Beləki, Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Özbəkistan və Qazaxıstanın illik gübrə istehsalı 6,6 milyon tondan çoxdur və son illər bu ölkələr tərəfindən gübrə məhsullarının istehsalı sahəsinə böyük məbləğdə investisiya qoyulmuşdur. Üstəlik 11 iyunda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Batumi Multimodal Gübrə Terminalını idarə edən “Wondernet Express Investment Group” və ABŞ-ın Trammo şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, hər üç qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və s. gübrələrin daşınmasında operativliyi təmin edəcəklər. Sonda iştiraçıları maraqlandıran suallar cavablandırılıb.