Bu il BTC ilə 15 mln. tondan çox neft nəql edilib

259

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 20 366,1 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, yanvar-iyul aylarında kəmər vasitəsilə 15 244,4 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% az).

Hesabat dövrü ərzində BTC kəməri ilə 1 918,1 min ton tranzit nefti də (20,7% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

“BTC Co.”nun səhmdarları BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləridır.