Gəmilərin təsnifatı: Avtonomluq, yoxsa sututumu vacib hesab edilməlidir? – HƏRBİ EKSPERT

269

Müasir döyüş gəmiləri Birinci və İkinci Dünya müharibəsindəki döyüş gəmilərinin sələfləri hesab edilir, lakin texniki irəliləyiş o qədər sürətlə inkişaf edir ki, biz artıq 1945-ci ildən sonra inşa edilən dördüncü nəsil döyüş gəmilərinin istifadəsini müşahidə edirik. Artıq məlumdur ki, nüvə dövründə gəmilərin faydasız olması ilə bağlı proqnozlar təmamilə əsassızdır. Bu gün dünya donanmaları super güclü aviadaşıyıcılar, raket kreyserləri, esmineslər və digər hərbi gəmilərlə təchiz olunur.

Gəmi ümumiləşdirici bir terminidir. Bu gün gəmi dedikdə öz dövlətinin Hərbi Dəniz Qüvvələrinin bir hissəsi olan, ekipaja, silahlanmaya və texniki vasitələrə malik hərbi dəniz vasitəsi başa düşülür.

Döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlanan hərbi gəmilər döyüş gəmisi sayılır. Gəminin əsas döyüş vəzifəsi, zərbə gücü və ya digər döyüş təsir vasitələri ilə düşmən güc və vasitələrini məhv etməkdən, sıradan çıxarmaqdan və ya zəiflətməkdən ibarətdir. Bu məqsədlə döyüş gəmiləri müxtəlif növ silahlarla – raketlər, artilleriya qurğuları, minalar, sualtı qayıq əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və müxtəlif radioelektron kəşfiyyat vasitələri ilə təchiz edilir. Hər bir gəmi, həm müstəqil, həm də digər gəmilər, təyyarələr, sahil raket-artilleriya qurğuları və dəniz piyadaları ilə qarşılıqlı əlaqədə döyüş vəzifələrini həyata keçirə bilər.


Gəmilərin təsnifatı hərbi gəmiləri təyinatına, silahlanmasına, sututumuna və digər taktiki-texniki xüsusiyyətlərinə görə əsasən siniflərə, alt siniflərə və növlərə (layihələrə) bölünməsini nəzərdə tutur. Sinif eyni döyüş vəzifələrinə və eyni əsas silahlara malik gəmiləri birləşdirir. Alt sinif sututumuna və ixtisaslaşması ilə fərqlənən eyni sinif gəmiləri əhatə edir. Tip (layihə) isə eyni taktiki-texniki xüsusiyyətlərə malik, lakin görünüşünə, struktur detallarına və texniki avadanlıqlarına görə fərqlənən alt sinifləri nəzərdə tutur. Bundan əlavə, bir sıra donanmalarda, məsələn Rusiya Hərbi Dəniz Donanması və Ukrayna Hərbi Dəniz Qüvvələrində gəmini böyüklüyünə görə fərqləndirmək üçün onları dərəcələrə də ayırırlar. Gəmilərin təsnifatı üçün beynəlxalq standartlar olmağı üçün hər bir ölkə (əsasən Rusiya və ABŞ) özünün fərqləndirmə prinsiplərini tətbiq edir.

Yuxarıda qeyd olunanlar müxtəlif ölkələrdə gəmilərin təsnifatına müxtəlif yanaşma prinsiplərinin olmasını istisna etmir. Buna görə də gəmilər arasında fərqləri aydın görmək üçün məqalədə həm Rusiya, həm də ABŞ-NATO gəmi təsnifatlandırılmasına toxunmağı qərara aldıq.

Müasir hərbi gəmilər həm NATO, həm də Rusiya təsnifatına əsasən, Hərbi Dəniz Qüvvələrinin əsas sinfindən olan döyüş gəmilərinə və köməkçi gəmilərə bölünür.

Rusiyada isə əvvəl qeyd etdiyimiz kimi gəmiləri sututumuna görə də dərəcələrə ayırırlar.

1.Döyüş gəmiləri

Aviadaşıyıcılar

Aviadaşıyıcılar:


– Düşmənin dənizdə və bazalarda yerləşən gəmilərinə və sahil obyektlərinə zərbə endirməklə həm quru qoşunlarını, həm də desant çıxarılmasını dəstəkləmək;
– Döyüş gəmiləri birliklərinin, konvoyların dəniz keçidlərində və döyüşdə hava hücumundan, o cümlədən qayıq əleyhinə müdafiəsini həyata keçirmək;
– Dəniz əlaqəsini təmin etmək üçün nəzərdə tutulur.

Aviadaşıyıcıların əsas silahları göyərtə təyyarə və helikopterlərindən ibarət olur.

Aviadaşıyıcılar sututumuna görə ağır (85 mon ton və 120-yə qədər təyyarə), yüngül (27 min ton və 80-nə qədər təyyarə) və konvoy tipli (10 min ton və 30-a qədər təyyarə) alt siniflərə bölünür. Sonuncular dəniz karvanlarının hava hücumundan və qayıq əleyhinə müdafiəsini təmin etmək üçün nəzərdə tutulur.

ABŞ donanmasının əsas gücünü əvvəllər linkorlar təşkil edirdi, indi isə onların vəzifələrini aviadaşıyıcılar yerinə yetirir. ABŞ-ın ən böyük hərbi gəmiləri 97 min ton sututumuna və 333 metr uzunluğuna malik “Nimitz” tipli (Abraham Lincoln, Harry Truman, Corc Vaşinqton və s.) aviadaşıyıcılarıdır. Daşıyıcılar adətən ABŞ prezidentlərinin adlarını daşıyırlar.

Kreyserlər

Aviadaşıyıcılarla yanaşı, kreyserlər də Hərbi Dəniz Qüvvələrinin böyük gəmiləri hesab edilir. Kreyserlər ağır, yüngül və köməkçi kreyserlər kimi alt siniflərə bölünür. Onların sututumu 10 minlə 17 min ton arasında dəyişir.

Kreyserlər, dənizdə düşmənin sualtı və suüstü gəmilərini məhv etmək, desantın sahilə çıxmasını təmin etmək, quru qoşunlarını atəşlə dəstəkləmək və digər vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ciddi potensiala malik döyüş gəmiləridir.

Sualtı qayıqlar


Gəmilərin sonrakı növü sualtı qayıqlardır. ABŞ sualtıları adətən ABŞ şəhərlərinin adını daşıyır. Sualtı qayıqların digər suüstü gəmilərdən əhəmiyyətli üstünlükləri mövcuddur. Məsələn, onlar gizli manevr edərək düşmənə gözlənilmədən zərbə endirə bilir. Sualtıların əsas vəzifəsi düşmənin dəniz zolaqlarında döyüş əməliyyatları aparmaq, bütün növ kəşfiyyat tapşırıqlarını yerinə yetirmək və istənilən düşmən hədəflərinə raket zərbəsi endirməkdən ibarətdir.

Sualtı qayıqlar raket, raket və torpeda, torpeda, mina və torpeda ilə siahlanaraq müxtəlif təyinatlara malik olur. Onların xüsusi ixtisas təyinatlı – nəqliyyat gəmiləri, radiolokasiya patrul qayıqları kimi növləri də mövcuddur.

Sututumuna, sürətinə və suyun altında avtonom qalma müddətlərinə görə sualtılar da böyük, orta və kiçik alt siniflərə bölünür.

Esmineslər

Esmineslər, quru qoşunlarını dəstəkləmək və düşmən dəniz vasitələrini məhv etmək, dənizdə patrul və kəşfiyyat xidmətləri aparmaq, böyük gəmiləri suüstü, hava və sualtı hücumlardan qorumaq, düşmən sualtı və suüstü gəmilərini məhv etmək, mina sahələri yaratmaq, desantın sahilə çıxmasını təmin etmək, dost qüvvələrin gəmilərinin dəniz keçidlərində və döyüşdə hava hücumundan, o cümlədən qayıq əleyhinə müdafiəsini həyata keçirmək, dəniz daşınmasını təmin etmək, sahil zonasındakı quru qoşunları atəşlə dəstəkləmək və s. kimi vəzifələri yerinə yetirir. Güclü raket, torpedo və artilleriya silahlarına malik çoxməqsədli döyüş gəmilərinin sututumu 9 min tona, sürəti 70 km/saata, üzmə məsafəsi isə 5000 milə çatır.

Torpedo katerləri


Torpedo katerləri düşmən gəmilərini və üzən avadanlıqlarını torpedolarla məhv etmək üçün nəzərdə tutulur. Onlar böyük və kiçik olmaqla iki alt sinifə bölünür.

Raketdaşıyan katerlər


Raketdaşıyan katerlər açıq dənizdə bütün düşmən hədəflərinə idarəolunan raketlərlə atəş açmaq üçündür.

Hava Hücumundan Müdafiə gəmiləri


Hava Hücumundan Müdafiə gəmiləri aşağıdakı alt siniflərə bölünür:

– Gəmi birliklərini düşmən təyyarələrindən müdafiə etmək üçün hazırlanan HHM gəmilərinə;
– Düşmən təyyarə və raketlərini uzaq məsafələrdə aşkar edərək məhvetmə vasitələrini onlara yönəldən gəmilərə;
– Öz qüvvələrini gizlətmək üçün düşmənin fəailiyyətini çətinləşdirən radiolokasiya gəmiləri.

Qayıq əleyhinə gəmilər


Qayıq əleyhinə gəmilər, öz dəniz vasitələrini düşmənin sualtı qayıqlarından və torpedo katerlərinin hücumlarından qorumaq, onları aşkar edərək məhvinə nail olmaq üçündür. Bu gəmilər böyük və kiçik olmaqla iki sinifə bölünür.

Qayıq əleyhinə gəmilər dəniz və okeanların uzaq sahələrində, eləcə də ölkəyə bitişik dənizlərdə fəaliyyət göstərə bilər. Bunun üçün qayıq əleyhinə gəmilər sualtı qayıqları axtarmaq, aşkar etmək, tanımaq, izləmək və silahlara hədəf göstərmək üçün hidroakustik komplekslərlə təchiz edilir. Bu gəmilərin silahlanmasında qayıq əleyhinə raketlər və torpedalarla bərabər, dərinliyə bomba atmaq üçün reaktiv silah sistemləri, həmçinin ZRK və artilleriya vasitələri də yer alır. Bir qayda olaraq, göyərtədə qayıq əleyhinə helikopter də yerləşdirilir.

Mühafizə gəmiləri


Mühafizə gəmiləri (bəzi xarici donanmalarda bu gəmi sinifini freqat da adlandırırlar) gəmiləri və karvanları döyüşdə mühafizə etmək, düşmən təyyarələrindən, torpedo katerlərindən və sualtı qayıqlardan qorunmayan dayanacaqlarda patrul xidmətini yerinə yetirmək üçün nəzərdə tutulur. Sahilyanı ərazilərdə patrul xidməti və ya sualtı qayıqlarla mübarizə aparmaq üçün mühafizə katerlərindən isitifadə edilə bilər. Sututumu 1500-4000 ton arasında dəyişən freqatların bəzi HDQ-lərdə esmines sinifinə birləşdirildiyi haqda məlumatlar mövcuddur. Bu fəaliyyətlər gəmi sinifləri arasında təsnifatlandırma sərhədlərini aradan qaldırır, bəzən isə anlaşılmazlıqlara səbəb olur.

Mina axtaran gəmilər


Mina axtaran gəmilər isə mina-partlayıcı maneələrin bütün növləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Bəzi xarici donanmalarda onları aşağıdakı alt siniflərə bölürlər:

– Raket, artilleriya və bomba silahlarına, yüksək sürətə (40 km/saat), kontakt, akustik və elektromaqnit mina təmizləyən trallara malik eskadra mina axtaran gəmiləri;
– Baza mina axtaran gəmiləri, öz fiziki sahələrinin azaldılmasını təmin edən dizayn xüsusiyyətlərinə malikdir. Onun əsas vəzifəsi mina sahələrinin məhv edilməsindən, mina sahələrinin kəşfiyyatının aparılmasından və gəmilərin sahilyanı kommunikasiyalara yaxın bazalarda müşayiət olunmasından ibarətdir.
– Reyd mina axtaran gəmiləri isə təhlükəsiz sahilyanı yollarda və bazaların ərazisində kəşfiyyatın aparılması və mina maneələrinin məhv edilməsi üçün effektiv hesab olunur.

Mina axtaran katerlər


Mina axtaran katerlər dayaz sahil sularında bütün növ mina növləri ilə mübarizə aparmaq üçün müxtəlif vasitələrlə silahlanır. Bununla yanaşı, onların bəzi alt sinifləri gəminin istiqamət kursundakı minaları aşkar etmək üçün dalğıc axtarışını həyata keçirən və bütün mina təhlükəsi olan obyektləri məhv etməyə imkan verən komplekslərə malikdir.

Desant gəmiləri


Desant gəmiləri qoşunların daşınması, yüklərin daşınması, dok daşınması, sürətli desant katerləri kimi alt siniflərə bölünür.

Qərargah gəmiləri


Qərargah gəmiləri uzaq məsafələrdə gəmi birliklərini idarə etmək üçün rabitə vasitələrinə malik olur. Bu gəmilərdə Komandanın özü və qərargahı ilə bərabər flaqmanın ekipaj və mütəxəssisləri də yerləşir.

2.Təminat gəmiləri

Hərbi Dəniz Qüvvələrinin strukturuna, gəmilərin və donanmanın maddi-texniki təminat sisteminin təşkilinə uyğun olaraq təminat gəmiləri də yaradılır. Sahil hərbi dəniz bazaları və limanlar, müasir məhvetmə vasitələrinin mövcudluğu şəraitində artıq sabit bir donanma sistemi olaraq qəbul edilə bilməz. Bazanın həyat fəaliyyəti üçün “hərəkətli baza” sistemi daha uyğundur. Müasir şəraitdə donanmanın döyüş tərkibinin sahil təchizat sistemindən asılılığının mümkün qədər azaldılması vacibdir.

Donanmanın təminat gəmiləri zərbə-döyüş vasitələrinin əsas vəzifələrini yerinə yetirmək üçün lazım olan hər bir maddi ehtiyatlarla təmin etməlidir. Onlara bir az geniş aspektdən nəzər salaq.

Üzən bazalar


Onlar zərbə-döyüş gəmilərini istənilən akvatoriyada silah və sursat, ehtiyat hissələr, yanacaq (nüvə yanacağı ilə doldurulma və nüvə tullantılarının qəbulu da daxil olmaqla), su, elektrik və digər MTT vasitələri ilə sürətli təchiz etmək üçün nəzərdə tutulur.

Birliyin təyinatına uyğun olaraq, dörd növ üzən baza mövcuddur:

a) Sualtı qayıq (atom və dizel-elektrik);
b) Esmines;
c) Mina əleyhinə gəmi;
d) Torpedo kateri.

Üzən doklar


Üzən doklar silahların, atəşi idarəetmə sistemlərinin, mühərriklərin, mexanizmlərin və korpus elementlərinin təmiri üçün nəzərdə tutulur. Gəmi birliklərinin ön bazalarında gəmilərin doka yerləşdirilməsi də mümkündür.

Yüksək sürətə malik təchizat gəmiləri birliyin döyüş gəmilərini daim müşayiət edir və hərəkət zamanı bötün növ təchizatı həyata keçirir. Onlar universal təchizat gəmiləri, eskadra təchizat tankerləri, eskadra quru yük gəmiləri və ixtisaslaşdırılan təchizat gəmiləri (döyüş sursatı, yanacaq, ərzaq, ehtiyat hissələri, təmir və digər MTT vasitələri) kimi müxtəlif qruplara bölünür.

Tədqiqat gəmiləri


Tədqiqat gəmiləri və vasitələri yeni gəmi avadanlıqlarının və silah sistemlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulur.

Qəza-xilasetmə vasitələri


Qəza-xilasetmə təminatı suüstü xilasetmə gəmilərindən, sualtı xilasetmə gəmilərindən, yanğınsöndürmə gəmilərindən və gəmiqaldırma qurğularından ibarət olur.

Xüsusi gəmilər


Xüsusi gəmilər kosmik sistemə aid silahların sınaqlarının təmin edilməsi, məsələn, üzən təlim məşq hədəfi kimi istifadə edilə bilər. Hədəflər özüyeriyən, yedəkdə dartılan və ya radio ilə idarəolunan ola bilər. Sonuncu variantda hədəf- gəmiyə əlavə olaraq, hədəfləri radio ilə idarə edən digər bir gəmi də olmalıdır.

Təlim gəmiləri


Təlim gəmiləri yeni avadanlıqların və yeni silah növlərinin mənimsənilməsində gəmilərin və təlim qruplarının şəxsi heyətinin hazırlanması, eləcə də kursantların praktiki təcrübə əldə etməsi üçün istifadə edilir.

3. Üzən baza vasitələri


Üzən baza vasitələri HDQ-nin gəmilərinə dənizlərdə lazım olan bütün dəniz xidmətlərini göstərir. Üzən baza vasitələrinə aiddir:

1. Buzqıranlar və yedəyə alan gəmilər – buzlu ərazilərdə, dar yerlərdə və qapalı akvatoriyalarda gəmilərin hərəkətini təmin edir;
2. Özüyeriyən və hərəkətsiz barjalar – müxtəlif daşınma növləri üçün istifadə edilir;
3. Tankerlər – reydlərdə gəmiləri yanacaq və təmiz su ilə təmin edir;
4. Sarğısız maqnitsizləşdirmə stansiyası (SVR) – gəmilər dənizə çıxmadan əvvəl maqnit sahələrini ölçür və onu aradan qaldırır;
5. Üzən kranlar – gəmilərdə yük əməliyyatlarını yerinə yetirir.

Bu siyahını üzən kranlar, blok gəmilər, qızdırıcılar, çapar və digər kiçik gəmilərlə uzatmaq mümkündür.

Rusiya HDD-nin gəmilərinin təsnifatının fərqli cəhətləri

Rusiyada gəmilərin təsnifatının NATO və ya ABŞ sistemi ilə oxşar cəhətləri olsa da, fərqli tərəfləri də yox deyil. Yelkənli donanma dövründən sonra, 19-cu əsrin ortalarında Rusiyada gəmilərin fərqləndirilməsi ciddi dəyişikliklərə məruz qaldı. Artıq gəmilərin maçtalarının və toplarının sayı təsnifatlandırmada əhəmiyyətini itirməyə başladı. Rusiya təsnifatlandırmasında gəminin sututumu daha vacib əhəmiyyət daşıdı.

Rusiyada 10 min tondan 60 min tona qədər sututumuna malik ən böyük gəmilər 1-ci dərəcəli gəmilər hesab edilir. 13 min ton sututumuna və 115 metr uzunluğa malik olan “Potemkin” döyüş gəmisi hələ imperiya donanmasında yer alırdı. Sovet İttifaqında çox əvvəllər 24 min tonluq “Marat” linkoru da mövcud idi. 20-ci əsrin ikinci yarısında ortaya çıxan sualtı qayıqlar da 1-ci dərəcəli hərbi gəmilərə aid edilirdi. Rusiyanın 1-ci dərəcəli ən böyük gəmisi, 60 min ton sutumuna və 300 metrdən artıq uzunluğuna malik “Admiral Kuznetsov” aviadaşıyıcısıdır.


Qərb təsnifatındakı freqata uyğun gələn “Admiral Makarov” mühafizə gəmisi Rusiyada 2-ci dərəcəli gəmilərə aiddir. Bu gəmilər 1-ci dərəcəli gəmilərdən daha kiçik olur, həm zenit, həm də qayıq əleyhinə silahlarla təchiz edilir. Texniki xüsusiyyətlər baxımından onlar esmineslərə bənzəsə də, patrul və mühafizə vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulur. Sovetlər zamanında 2-ci dərəcəli gəmilər sinifinə 163 metr uzunluğa və 7 min ton sututumuna malik “Admiral Zaxarov” qayıq əleyhinə gəmisi də əlavə edildi. Dəniz piyada taborunu birdəfəyə daşıya bilən “Nikolai Vilkov” desant gəmisi də 2-ci dərəcəli gəmi statusuna malikdir.

1000 tona qədər sustumuna malik gəmilər isə 3-cü dərəcəli ən kiçik gəmilər hesab edilirdi. Rusiya mina katerlərini sututumu 500 tondan 8000 tona qədər olan eskadra esmineslərinə qədər inkişaf etdirib. Yəni artıq həm 2-ci, həm də 3-cü dərəcəli mina katerlərindən istifadə edilir. Sovet dövründə qərb təsnifatıdakı korvetlərə uyğun gələn kiçik raket gəmiləri və kiçik sualtı qayıqların istehsal prosesi hələ də davam edir.

Rusiya sualtı qayıqları isə daha geniş təsnifatlandırmaya malikdir. Onlar istifadə etdikləri enerji qurğusuna görə atom, dizel-elektrik və dizel-stirlinq-elektrik sualtı qayıq növlərinə bölünür. Sututumuna görə isə Rusiya HDD-də sualtı kreyser, böyük, orta, kiçik və çox kiçik sualtı qayıqlardan istifadə edilir.

Əsas silahlarına görə isə ballistik raketlə, qanadlı raketlə, torpedo və raketlə təchiz edilən modelləri də mövcuddur. Sualtılar təyinatına görə strateji və çoxməqsədli ola bilər.


Korpusun konstruksiyasına görə 4 növdə sualtılar mövcuddur:

– Təkqatlı korpus, eyni zamanda həm axımlı formaya malikdir, həm də təzyiqə qarşı davamlıdır;
– Qarışıq növ sualtıların əsas korpusu əlavə yüngül korpusla qismən örtülür;
– İki korpuslu qayıqlar kifayət qədər yüngül və möhkəm korpuslara malik olur;
– Çoxkorpuslu sualtıların yüngül korpusunun daxilində bir neçə davamlı korpus yerləşdirilir.

Məqalədən də məlum olur ki, hazırda gəmi təsnifatlandırılmasında sona qədər dəqiq olmayan və hələlik hamını qane etməyən məqamlar mövcuddur. Bəzi siniflər, alt siniflər və növlər (layihələr) arasında dəqiq sərhəd xətlərini çəkmək mümkün deyil. Sututumuna görə bir sinifə aid olan gəmi silahlanmasına və ya təyinatına görə başqa bir sinifə aid edilə bilir. Bu sahədə konkret bir normativ sənədin olmaması ölkələrin bu istiqamətdə xaotik fəaliyyətinə imkan yaradır. Hər bir ölkə silahlanmasında mövcud olan gəmini maraqlarına uyğun olaraq bu və ya digər sinifə aid edə bilir. Ümid edirik ki, yaxın zamanlarda bu sahədə konkret siniflərin normativ göstəriciləri qəbul ediləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az