Aralıq dənizində növbəti faciə, 70 nəfərdən xəbər yoxdur

222

“Artıq dörd gündür Aralıq dənizi ilə Avropaya qayıqla getmək istəyən 70 nəfərdən xəbər yoxdur”.

“Report” xəbər verir ki, bu barədə Aralıq dənizindən Avropa İttifaqına keçən miqrantları dəstəkləyən “Alarm Telefonu” adlı qeyri -hökumət təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, Liviyadakı Homs limanından çıxan qayığın sərnişinləri bir neçə dəfə QHT nümayəndələri ilə əlaqə saxlayıb. Ancaq qayıq İtaliyanın ərazi sularından 18 km aralıda olanda onlarla əlaqə kəsilib:

“70 nəfər dənizdən bir neçə mil kənarda necə yoxa çıxa bilərdi? Onlara nə oldu? Niyə əvvəlcə Malta və İtaliyadakı səlahiyyətlilər onları xilas etməkdən imtina etdilər, sonra isə onların taleləri haqqında məlumat vermədilər?” – QHT -nin tviterdəki səhifəsində deyilir.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, təkcə 2021-ci ilin sentyabr ayının əvvəlindən bu istiqamətlə Avropaya getmək istəyən 1 369 insan ölüb.