BP universitetə yeni daxil olmuş gənclərə dəstəyini 2022-ci ildə də davam etdirəcək

316

Bu gün Bakıda BP şirkəti öz layihələrindəki tərəfdarları adından, ali təhsil müəssisələrinə yeni daxil olmuş 63 gəncin uğurunu qeyd etmək üçün tədbir keçirib.

“Report” xəbər verir ki, onlar BP və tərəfdaşlarının beş ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsi üçün aztəminatlı ailələrdən seçilmiş və bir il həmin proqramda hazırlıq keçmiş gənclərdir.

Bu layihə BP və tərəfdarlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupa universitetə daxil olmaq üçün birillik geniş hazırlıq təlimləri keçirilir.

Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən təxminən 400 aztəminatlı ailə bu layihədən faydalanıb.

Beş il ərzində ümumilikdə iştirak etmiş 389 nəfərdən təxminən 334-ü, iştirakçıların təxminən 90 %-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitet və kolleclərdə tələbə adını qazanıb. Builki mərhələnin 74 iştirakçısından 52-si universitetlərə və 11-i kolleclərə qəbul olunub, onlardan 7-si (iki nəfər 600-dən çox bal toplamış iştirakçı da daxil olmaqla) 500-dən yuxarı bal toplayıb.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət 5 ildir bu layihəyə dəstək verir: “Layihənin uğurundan ruhlanaraq , bu təşəbbüsü 2022-ci ildə də davam etdirmək qərarına gəlmişik. İnanırıq ki, bu layihə obyektlərimizin qonşuluğunda yaşayan icmaların gələcəyinə yaxşı sərmayədir. Bu həm də öz icmalarının dayanıqlı gələcəyini təmin edəcək bilikli, yüksək təhsilli və bacarıqlı gənc nəslin yetişdirilməsi üçün gözəl bir imkandır”.

Layihənin beş mərhələsinin ümumi dəyəri təxminən 1,3 milyon manatdır və hər bir mərhələnin müddəti bir ildir. Layihə “Build Your Future” MMC tərəfindən yerinə yetirilir.