Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Kitak Lim Sinqapur boğazından keçən gəmilərdə insidentlərin sayının artması ilə bağlı narahatlığını ifadə edib.
“Seanews.az” xəbər verir ki, aprelin 5-də Asiyada dəniz quldurluğu və gəmilərə silahlı hücumla mübarizə üzrə Regional Əməkdaşlıq Sazişi (ReCAAP) tərəfindən təşkil edilən konfransda qeyd olunub ki, qlobal miqyasda 2022-ci ilin ilk üç ayında hücumların sayı 25% azaldığı halda, sonra Asiyada bu göstərici yüksəlib və hadisələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 29% artıb.
2022-ci ilin birinci rübündə Asiyada qeydə alınan 22 hadisədən 17-si IMO-nun Malakka boğazının bir hissəsi hesab etdiyi Sinqapur boğazında baş verib. Eyni zamanda, Asiyanın qalan hissəsində hadisələrin sayı azalıb. Ümumilikdə 2021-ci ildə Malakka və Sinqapur boğazlarında 49 insident qeydə alınıb (2020-ci ildə cəmi 34 hadisə olub).
Bu sularda tez-tez hücumlar belə baş verir: cinayətkarlar soyğunçuluq məqsədilə gəmilərə minir, əsasən gəmi təchizatı və ehtiyat hissələrini oğurlayırlar. Əksər hallarda, onlar silahsız olur və ya bıçaqla silahlanırlar, heyətdən yayınmağa çalışırlar, dənizçilər onları görən kimi gəmidən qaçırlar.