“Şahdağ” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

275

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi əsaslı təmir edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi  buxar qazanında  və  köməkçi qazanında zəruri işlər yerinə  yetirilib.  Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultra qısa dalğalı radiostansiyalar, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyası quraşdırılıb.  

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.

“Şahdağ” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Təmirdən sonra gəmi Türkmənistan istiqamətində ilk səfərinə çıxıb.

Qeyd edək ki, “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5, eni 18,3 metrdir. Gəmi 4850 ton yükgötürmə qabiliyyətinə malikdir.

asco.az