Transxəzəri cəmi 4-6 aya çəkmək mümkündür

288

İsrail Avropanın qaza olan tələbatını yaxın vaxtlarda təmin edə bilməyəcək. Buna görə digər variantları, xüsusilə Azərbaycanı nəzərdən keçirmək lazımdır. Gələcəkdə Avropanın etibarlı qaz təchizatında Azərbaycanın xüsusi yeri ola bilər.  

Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Onlar indi Rusiyadan enerji resurslarının idxalından imtina etməyə can atırlar. Məsələn, ABŞ artıq bu ölkədən neft-qaz idxalını dayandırıb. Bundan əlavə, Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) Rusiya qazından imtina etdiklərini elan ediblər. Odur ki, xarici ekspertlər hesab edirlər ki, bu, Azərbaycan kimi enerji resursları ilə zəngin olan ölkələrə yeni imkanlar yaradır. Bu gün xüsusilə Azərbaycan Rusiyanın enerji resursuna alternativ mənbələrdən biri kimi qəbul edilir.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik.

İsrail Avropaya yardım göstərə bilər?

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun geoiqtisadiyyat və strategiya üzrə elmi işçisi Devid Merkel İsrailin nüfuzlu “The Jerusalem Post” nəşrində dərc edilən məqaləsində Avropanın Rusiyanın enerjidaşıyıcılarından hansı ölkələrin hesabına imtina edə biləcəyini təhlil edib. Qeyd edək ki, müəllif vaxtilə ABŞ Dövlət Departamentində Avropa və Avrasiya məsələləri üzrə katibin köməkçisinin müavini vəzifəsində çalışıb. 

Onun fikrincə, Rusiya qazını əvəz edəcək ölkələr etibarlı tərəfdaşlar olmalıdırlar. D.Merkel belə ölkələrdən biri kimi İsraili nümunə göstərir: “İsrail Energetika Nazirliyinin məlumatına əsasən, ölkənin Aralıq dənizində nəzarət etdiyi bölgədə 26 milyard barel neft, 7700 milyard kubmetr təbii qaz var. İsrailin dənizdəki ehtiyatlarının “EastMed” kəməri vasitəsilə Avropaya nəql edilməsi planlaşdırılırdı. Bu kəmər Kipr, Yunanıstandan keçərək Avropaya qədər uzanacaqdı. Amma ABŞ bu ilin yanvarında bu kəmərin reallaşdırılmasına dəstək verməyəcəyini bəyan edib. Üstəlik, “EastMed” kəmərinin inşası bu gün başlasa belə, onun tikintisi 2027-ci ildən tez tamamlanmayacaq”.   

Müəllif xatırladır ki, martın 8-də Avropa Komissiyası elan edib ki, Avropa İttifaqı (Aİ) bu ilin sonuna qədər Rusiyadan qaz idxalını üçdə iki qədər azaltmağı nəzərdə tutur: “Odur ki, İsrail Avropanın qaza olan tələbatını yaxın vaxtlarda təmin edə bilməyəcək. Buna görə digər variantları, xüsusilə Azərbaycanı nəzərdən keçirmək lazımdır”. 

Azərbaycanın yüksələn diplomatik nüfuzu 

D.Merkelin sözlərinə görə, son bir ildə Azərbaycan yüksələn diplomatik gücə çevrilib: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə Türkiyə, İsrail və Fars körfəzi dövlətləri ilə sıx əlaqələri inkişaf etdirib. Üstəlik, Bakı Rusiya və Avropa İttifaqı arasında münasibətlərini balanslaşdırmağa nail olub”. 

Müəllif xatırladır ki, Azərbaycan hökuməti bu yaxınlarda ən yaxın müttəfiqi –  Türkiyə ilə uzun müddətdir düşmənçilik etdiyi Ermənistan arasında münasibətlərin normallaşmasına belə, tam dəstək verdiyini bəyan edib.

Müəllif qeyd edir ki, Azərbaycan mürəkkəb coğrafiyada, müxtəlif güclərin kəsişdiyi bölgədə yerləşir: “Buna baxmayaraq, uğurla öz yolu ilə getməyə və bütün qonşu dövlətlərlə sabit əlaqələri qorumağa nail olub”. 

Azərbaycanın enerji sahəsində üstünlükləri 

Məqalədə qeyd olunur ki, indi Bakı etibarlılıqla bağlı mühüm sınaqdan keçir: “Bundan əlavə, o, Avropanın yeni enerji təchizatçısı olmaq üçün iki mühüm xüsusiyyətə malikdir. Söhbət enerji resursları ilə bağlı böyük ehtiyatdan və mövcud infrastrukturdan gedir. Məsələn, “Cənub Qaz Dəhlizi” Bakıdan İtaliyaya qədər uzanan müxtəlif kəmərlərdən ibarətdir. “Cənub Qaz Dəhlizi” Gürcüstandan (Cənubi Qafqaz Boru Kəməri), Türkiyədən (Transanadolu kəməri) və Yunanıstandan (Transadriatik kəməri) keçir. Vaxta və maliyyə vəsaitinə qənaət etmək üçün hazırda İsrail qazının bu dəhliz vasitəsilə nəqli ilə bağlı müzakirələr davam edir”. 

D.Merkel xatırladır ki, “Cənub Qaz Dəhlizi” 2021-ci ilin əvvəlində istismara verilib: “Ötən il bu layihə vasitəsilə ümumilikdə 16 milyard kubmetr qaz nəql edilib. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə ixrac olunub. Rusiya Ukraynada müharibəyə başladıqdan sonra isə Azərbaycan Avropaya əlavə 0,5 milyard kubmetr “mavi yanacaq” ixrac edə biləcəyini açıqlayıb”. 

İdeal coğrafi mövqe 

Məqalədə vurğulanır ki, Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşir: “Bu, Azərbaycanı Avropa ilə Xəzər dənizinin şərq sahilində yerləşən nəhəng karbohidrogen resurslarına malik olan iki ölkə – Türkmənistan və Qazaxıstan arasında ideal qovşağa çevirir. Xüsusilə Türkmənistan Avropaya təbii qaz ixracında yaxşı imkanlara malikdir”. 

D.Merkel xatırladır ki, Türkmənistan dünyada qaz ehtiyatına malik ən böyük dördüncü ölkədir: “Bu, qlobal qaz tədarükünün təxminən 10%-i deməkdir. Amma o, enerji resursunu əvvəllər Rusiyaya satıb. İndi isə Türkmənistan qazı, əsasən, Çinə ixrac edilir. Ölkənin yeni rəhbəri isə tez bir zamanda iqtisadi uğurlara nail olmağa can atacaq. Odur ki, bu ölkə təbii qazın Avropaya ixracını istəyə bilər”. 

Müəllif vurğulayır ki, Türkmənistan qısa zaman kəsiyində Avropaya illik 10 milyard kubmetr qaz ixrac edə bilər. Onun sözlərinə görə, türkmən qazının məhz Azərbaycan vasitəsilə tədarükü mümkündür. D.Merkel Xəzərin dibi ilə kəmərin cəmi 4-6 ay ərzində inşa edilə biləcəyini qeyd edib. 

Sonda müəllif vurğulayıb ki, indi Avropanın enerji təchizatında ən yaxşı həll yolu Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ola bilər.