Regional Enerji Təhlükəsizliyi Simpoziumunun iştirakçıları Bakı Limanına səfər ediblər

393

2022-ci il Regional Enerji Təhlükəsizliyi Simpoziumunun Enerji Akademik Qrupunun, Dəniz Aspiranturasının professoru Dr.Brenda Şafferin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin dövlət təşkilatları və enerji sənayesinin rəhbər işçiləri daxildir.

Səfər zamanı nümayəndə heyəti Bakı Limanının rəhbərliyi ilə görüşüb və limanın qlobal əlaqə və regionda nəqliyyat dəhlizləri boyunca sinxron iqtisadi inkişafda rolu ilə bağlı interaktiv müzakirələr aparılıb. Bundan başqa, limanın gələcək genişləndirilməsi strategiyası, dayanıqlı və yaşıl liman əməliyyatlarına nail olmaq, o cümlədən limanın inkişaf strategiyasında dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi də müzakirə edilib.

Qeyd edək ki, bu simpozium hər il ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən tanınmış beynəlxalq qurumların dəstəyi ilə keçirilir. Builki Simpozium 19-22 sentyabr 2022-ci il tarixlərində Bakıda təşkil olunub və simpoziumun əsas məqsədi məlumatlılığın artırılması, regional əməkdaşlıq, idarələrarası koordinasiya və dövlət-özəl tərəfdaşlıq vasitəsilə regional enerji təhlükəsizliyini və dayanıqlılığı daha da gücləndirməkdir.