Türkiyənin “Yilport” liman operatoru Qananın Takoradi limanını idarə edəcək

270

2023-cü ilin aprelindən Türkiyənin “Yilport” liman operatoru Afrikanın Takoradi (Qana) limanını idarə edəcək. Bununla bağlı İbis Tek ilə müvafiq anlaşma memorandumu imzalanıb.

“Seanews.az”-ın məlumatına görə, sənədə əsasən, şirkətlər müvafiq olaraq 70% və 30% payla “Yilport Takoradi Port Management Company” adlı birgə müəssisə yaradacaqlar. Öz növbəsində, “Yilport” şirkəti Takoradi limanının inkişafı layihəsinə təxminən 700 milyon dollar investisiya qoymaq niyyətindədir.

“Yilport”  tutumunu artırmaq və nəqliyyat sıxlığının qarşısını almaq üçün Takoradi limanına yeni giriş yolları çəkməyi planlaşdırır. Bundan əlavə, yanalma körpülərinin ümumi uzunluğunun 2,5 km-ə, körpülərdəki dərinliyin isə 14 metrdən 16,5 metrə çatdırılması nəzərdə tutulur. Limanın iki terminalı – Tacotel və Marshall Oil Jetty, həmçinin ildə 2,5 milyon ton neft məhsullarının saxlanılması üçün çənləri olacaq.

 “Takoradi limanı “Yilport”-un Afrikadakı ilk addımı olacaq. Liman Afrika və Atlantik dəniz nəqliyyatı ilə ticarətinə xidmət göstərmək üçün böyük potensiala malikdir. Biz bu potensialı beynəlxalq səviyyədə açmağı səbirsizliklə gözləyirik. Liman Burkina Faso, Mali, Çad, Nigerə Avropa, Amerika və Asiyadan yüklərin daşınması üçün ən sərfəli marşrut üzərindədir”, –  deyə ”Yilport” bildirir.

Takoradi limanı Qananın qərb hissəsində yerləşir. Əsas ixrac yükləri kakao, taxta, boksit və manqan, idxalı isə buğda, gübrə, ümumi yüklərdir.