Qazaxıstanın Xəzərdəki donanması 2030-cu ilədək 25 gəmi artacaq

266

Qazaxıstan hökumətinin başçısı Əlixan İsmailovun sədrliyi ilə keçirilən iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı tədbirlərə baxılıb.

Bildirilib ki, marşrutun Qazaxıstan hissəsində aparılan fəal iş sayəsində respublika ərazisindən tranzit yüklərin daşınması müddəti keçən illə müqayisədə iki dəfə azalıb:12 gündən 6 günə düşüb. Eyni zamanda, 2023-cü ilin sonuna qədər bu göstəricinin 5 günə çatdırılması planlaşdırılır.

Ümumilikdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Çindən Qara dəniz limanlarına yüklərin çatdırılma müddəti 38-53 gündən 19-23 günədək azalıb, cari ilin sonuna isə bu rəqəm 14-18 günə endirilməlidir. Bu cür irəliləyiş iştirakçı ölkələrin marşrutda “dar yerlər”in aradan qaldırılması, münasib tariflərin tətbiqi və digər tədbirlərin həyata keçirilməsi üzrə birgə məhsuldar işi sayəsində mümkün olmuşdur.

İclas iştirakçıları həmçinin Qazaxıstanın dəmir yolu infrastrukturunun daha da modernləşdirilməsi, vaqon parkının yenilənməsi, ticarət donanmasının, Aktau və Kurık limanlarının imkanlarının genişləndirilməsi tədbirlərini müzakirə ediblər.

Aktau limanında konteyner qovşağının yaradılması, yenidən yükləmə avadanlığı parkının yenilənməsi və neft körpülərinin bərpası, Kurık limanında yeni yanalma körpüsünün tikintisi, çoxfunksiyalı və taxıl terminallarının işə salınması nəzərdə tutulur. Həmçinin 2030-cu ilə qədər Xəzərdə 10 neft barjı, 8 bərə, 6 tanker və bir konteyner gəmisinin fəaliyyətə başlayacağı gözlənilir.

“Seanews.az”