Azərbaycan Mərkəzi Asiyanın əsas tranzit məkanına çevrilir

210

Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına nəqlində Azərbaycanın bundan sonra daha həlledici rol oynaması gözlənilir. Xüsusən də Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli ölkəmizlə Mərkəzi Asiyanın enerji əlaqələrində olduqca mühüm bir mərhələnin başlanmasından xəbər verir.

Azərbaycan indiki halda bu region üçün çox vacib alternativ tranzit məkana çevrilir.

Burada xatırladaq ki, Rusiyanın vaxtaşırı nümayiş etdirdiyi şıltaq mövqe üzündən Qazaxıstan son dövrlərdə öz neftinin ixracında ciddi çətinliklərlə üzləşib. Məsələ burasındadır ki, qazax neftinin əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Amma Qərbi enerji müstəvisində təzyiq altında  çalışan Rusiya vaxtaşırı ərazisindən qazax neftinin ixracına da əngəl yaradır. Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin vaxtaşırı dayanması bunun təzahürü hesab edilir. Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Bu kəmər uzun illər ərzində Qazaxıstan neftinin əsas ixrac marşrutu olub. Adıçəkilən Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsilə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir. Amma Rusiya bu kəmərin fasiləsiz iş rejimini təmin edə bilmir. Elə bu səbəbdən qazax tərəfi yeni ixrac marşrutları axtaırır. Bunun üçün Azərbaycan ön planda yer alır. Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin qeyd edir ki, enerji sahəsində Qazaxıstanla Azərbaycan arasında əməkdaşılıq əlaqələri yüksələn xətlə inkişaf edir. O bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub. Bu, Rusiya üzərindən satılan Qazaxıstan neftinin üçdə birindən də çoxdur. Serik Jumanqarin xatırladır ki, ötən il SOCAR və “KazMunayQaz” şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində BTC ilə nəqli nəzərdə tutulan 1,5 milyon ton neftə Qazaxıstan yer təkinin istifadəçiləri “pilot” həcmləri kimi baxırlar, bu da qeyd olunan marşrutu “test” etmək üçün lazımdır: “Əslində, hazırda BTC imkanlarının cəmi 40%-i yüklənilib, orada 20 milyon tona yaxın mümkün olan aşırma həcmləri var, bu da bizim birgə əməkdaşlığımız çərçivəsində hədələdiyimiz həcmdir”. Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon  ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Hadisələrin inkişaf axarı isə əslində, Azərbaycanın 20 milyon tondan da artıq qazax neftini dünya bazarlarına çıxarmağa hazır olduğunu göstərir.  Belə ki, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Bu barədə “Reuters”ə üç mənbədən bildiriblər.

Qeyd olunub ki, razılıq əldə olunarsa, bu, yəqin ki, “Kaşaqan” yatağından çıxarılan neft olacaq. Mənbələrin verdiyi bilgiyə görə, Azərbaycan həmçinin neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə nəqlini təklif edib. Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir. Bakı-Supsa kəməri ilə neftin nəqli 2022-ci ilin yazında dayandırılıb. Hazırda bütün Azərbaycan nefti BTC kəməri ilə ixrac olunur. İndi qazax nefti Bakı-Supsa kəməri ilə ixrac edilə bilər. Bu, Azərbaycanın daha 5 milyon ton qazax neftini dünya bazarlarına çatdıra biləcəyini göstərir. “North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barrel və ya 1-2 milyard ton neft həcmindədir. Bu böyük həcmin Azərbaycan üzərindən nəqli Qazaxıstana əlavə üstünlüklər verə bilər. Hər halda, prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bu məsələnin də əsas müzakirə predmetlərindən biri olması gözlənilir.  Qeyd etmək lazımdır ki, son illər ərzində yükdaşımalar üçün infrastukturunu təkmiləşdirən, inkişaf etdirən Azərbaycan ərazisindən daha böyük həcmdə tranzit məhsullarını ötürməyə hazırdır. Serik Jumanqarin bu fonda qeyd edir ki, Qazaxıstan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr sahəsində olan potensial tam istifadə olunmayıb və onların inkişafı üçün müxtəlif sahələrdə geniş imkanlar var: “Ölkələrimiz arasında ildə 400-500 milyon dollar səviyyəsində olan ticarət dövriyyəsi çox aşağı həcmdir. Böyük potensial var ki, Qazaxıstan məhsullarını Azərbaycan bazarlarına satmaq üçün istifadə olunmur. Biz daha çox malların siyahısını hazırlamışıq. 300 milyon ABŞ dolları dəyərində 100-dən çox məhsul təklif edirik. Bundan əlavə, biz potensial əməkdaşlıq layihələri ilə bağlı konkret təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik, çünki bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur”.

Tahir TAĞIYEV