Dənizçi Günü münasibətilə tədbir keçirilib

418

25 iyun – Dənizçi Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdən öncə dəniz nəqliyyatı işçiləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Dənizçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) baş tutan tədbirdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, ASCO-nun Müşahidə Şurasının üzvü Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini, ASCO-nun Müşahidə Şurasının üzvü Xəyyam Məmmədov, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, ASCO-nun və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin kollektivi,  qocaman dənizçilər, eləcə də Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin tələbələri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan “Dənizçilik əlifbası” kitabı təqdim olunub.

Daha sonra 236 saylı məktəbin şagirdləri dənizçi geyimində maraqlı rəqs nümunəsi ilə çıxış ediblər. Onlara “Dənizçilik əlifbası” kitabı hədiyyə olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, ASCO-nun Müşahidə Şurasının üzvü Rəhman Hümmətov çıxış edərək dənizçiləri peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycanda dənizçilik zəngin ənənələrə və tarixə malikdir: “Milli gəmiçiliyimiz şərəfli inkişaf yolu keçib və bu inkişafın əsas dövrü Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf edir. Bu gün isə onun missiyasını Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Dəniz nəqliyyatı sahəsi ilə əlaqədar mühüm islahatlar aparılır, geniş infrastruktur layihələri icra olunur, qanunvericilik bazası təkmilləşdirilir, milli kadrların hazırlanması prosesinə xüsusi diqqət ayrılır. Ölkə başçısının birbaşa dəstəyi ilə donanmaların tərkibinin yeni gəmilərlə zənginləşdirilməsi istiqamətində də böyük işlər görülür. Bugünlərdə alınan “Aframax” tipli nəhəng gəmilər bunun ən bariz nümunəsidir.”

Rəhman Hümmətov əlavə edib ki, gəmiçilər Prezident İlham Əliyevin yüksək etimadını hər zaman doğruldurlar: “Azərbaycanın bugünkü sürətli inkişafında dəniz nəqliyyatı işçilərinin xüsusi əməyi var. Gəmiçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynamaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətə mühüm töhfə verirlər.”

Peşə bayramı münasibətilə bütün dəniz nəqliyyatı işçilərini təbrik edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Dənizçi Gününün üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq zəfərimizin yaşatdığı yüksək qürur hissi ilə qeyd olunduğunu bildirib.

Rauf Vəliyev 165 illik tarixi olan Azərbaycan gəmiçiliyinin keçdiyi şərəfli inkişaf yolundan danışaraq bu sahədəki hazırkı inkişafın Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.  Bildirib ki, Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə gəmiçiliyi daim diqqətdə saxlayıb, dənizçilərdən öz qayğısını əsirgəməyib.

Sədr çıxışında Ümummilli liderin layiqli davamçısı olaraq Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə gəmiçilik sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən, donanmaların yeni gəmilərlə zənginləşdirilməsindən, Xəzər dənizi ilə yanaşı, Xəzərdənkənar fəaliyyətin genişləndirilməsindən də bəhs edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Dənizçilər bu əlamətdar tarixi müxtəlif tədbirlərlə qeyd edib və sevindiricidir ki, “Heydər Əliyev İli”ndə biz həm də gəmiçilik tariximizdə yeni dövrün başlanmasına şahidlik etdik: “Prezident İlham Əliyevin dəstəyi ilə SOCAR-la birgə hər birinin yükgötürmə qabiliyyəti 115000 ton olan üç “Aframax” tipli nəhəng tanker alaraq milli gəmiçiliyimizin Xəzərdən kənar sularda fəaliyyətinin daha da genişləndirilməsinə nail olduq. Azərbaycan bayrağı altında üzəcək bu tankerlərdən birincisi olan “Şuşa” tankeri 15 iyun Qurtuluş Günündə Vətənimizin hüdudlarından uzaqlarda – Sinqapurda istismara verildi. “Qarabağ” və “Zəngəzur” adlarını daşıyan “Aframax” tipli tankerlər də yaxın günlərdə yükdaşımalara cəlb ediləcək.”

Rauf Vəliyev əlavə edib ki, istər Xəzər dənizində, istərsə də Xəzərdənkənar fəaliyyətinin  genişləndirilməsi istiqamətində işlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bundan sonra da ardıcıl davam etdiriləcək.

Sədr bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları” haqqında da danışıb və qeyd edib ki, bu istiqrazlardan cəlb olunan vəsait “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.

Çıxışlardan sonra yeni istifadəyə verilmiş “Aframax” tipli “Şuşa” tankeri haqqında video təqdim olunub.

Tədbirdə Dənizçi Günü münasibətilə Dövlət Dəniz Liman Agentliyi tərəfindən “Dəniz Donanmasının fəxri işçisi” və “Uzaq səfərlər kapitanı” döş nişanlarına layiq görülənlərin adları elan olunub.

Həmçinin, 2022-ci ilin yekunlarına görə ASCO-da “İlin ən  yaxşısı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb və onlara vəsiqələr təqdim edilib.

Tədbirdə Vətən müharibəsində ASCO-nu təmsil edən əməkdaşların iştirakı “Heydər Əliyev İli” çərçivəsində  dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Zirvəsi”nə təşkil olunan yürüş haqqında video nümayiş etdirilib.

Daha sonra yürüşü müvəffəqiyyətlə başa çatdıran əməkdaşlara sertifikatlar verilib.

Dənizçi Günü tədbiri Xalq artisti Mübariz Tağıyevin bir-birindən maraqlı ifaları ilə davam edib.

asco.az