ASCO sədri Rauf Vəliyev gənclərlə görüş keçirib

800

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev əmək fəaliyyətində fərqlənən gənc əməkdaşlar və Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yüksək nailiyyətlərlə təhsil alan bir qrup tələbə ilə görüş keçirib.

Rauf Vəliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətindən danışıb. Bu siyasətə uyğun olaraq, bütün sahələrdə olduğu kimi, gəmiçilik sahəsində də gənclərə xüsusi diqqət yetirildiyini, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sədr qeyd edib ki, ASCO-nun uğurlarının başlıca səbəblərindən biri ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır.

Rauf Vəliyev gənclərə hər zaman öz üzərlərində işləməyi, bilik və bacarıqlarını artırmaq üçün daim axtarışda olmağı, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi tövsiyə edib.

Görüşdə gənclərin fikirləri dinlənilib, onların karyera inkişafı, ixtisasartırma, təcrübə mübadiləsi və digər mövzularla bağlı sualları cavablandırılıb.

Gənclər yaradılan şəraitə görə təşəkkürlərini bildirib, göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Qeyd edək ki, ASCO-da bu cür görüşlər ənənəvi hal alıb. Sədr mütəmadi olaraq gənc əməkdaşlarla bir araya gələrək onlarla fikir mübadiləsi aparır və onların qayğıları ilə maraqlanır.

Onu da əlavə edək ki, son 5 ildə ASCO-da yaşı 35-ə qədər olan 1010 ADDA məzunu işlə təmin olunub. Onlardan 165 nəfəri sahil, 845 nəfəri üzən heyətdə işləyir. Sahil heyətində çalışanların 16-sı rəhbər, 105-i mütəxəssis, 44-ü fəhlə kateqoriyasına daxildir. Üzən heyətdə çalışanların isə 475-i komandir, 370-i sıravi heyət üzvüdür.

asco.az