Özbəkistan Orta Dəhlizlə müəyyən növ yüklərin daşınmasında güzəştli sistemin tətbiqini təklif edir

301

Özbəkistan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən müəyyən növ yüklərin daşınmasında güzəştli sistemin tətbiqini təklif edir.

Bunu “Report”a açıqlamasında Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov bildirib.

“Bu dəhliz bir sıra ölkələrin sərhədlərindən keçir və bunun nəticəsində yüklərin çatdırılma müddəti qismən artır. Beləliklə, bu proses məhsulun dəyərinə təsir edir. Hesab edirəm ki, bu problemi həll etmək üçün müəyyən növ yüklərin daşınmasında güzəştli sistem tətbiq etmək lazımdır”, – B. Xolmatov qeyd edib.

Onun sözlərinə görə, digər problem isə Orta Dəhlizin ötürücülük qabiliyyətinin aşağı olmasıdır.

Bununla yanaşı Özbəkistan 2022-ci ildə bu dəhliz boyu yükdaşımalarının həcmini iki dəfə artırıb.

B. Xolmatov vurğulayıb ki, müasir geosiyasi çağırışlar fonunda Orta Dəhliz layihəsinin aktuallığı artır: “Bu il biz bu dəhliz boyu yükdaşımalarının həcmini 1,5 dəfə artırmağı planlaşdırırıq. Hazırda layihənin inkişafı üzərində işləri davam etdirməyi hədəfləyirik. Orta Dəhliz Azərbaycan, Avropa İttifaqi ölkələri, ABŞ və Braziliya ilə ticarət əlaqələri baxımından mühüm əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.