Azərbaycan və Qazaxıstan Transxəzər nəqliyyat marşrutunun inkişafı üzrə “Yol Xəritəsi”ni müzakirə ediblər

253

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi (SİİN) Azərbaycana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iştirakçıları tərəfindən imzalanacaq TBNM-in inkişafı üzrə yenilənmiş “Yol Xəritəsi” layihəsini təqdim edib.

“Report” Qazaxıstanın SİİN-ə istinadən xəbər verir ki, sənəd Qazaxıstan və Azərbaycan Baş nazirlərinin iyun görüşünün yekunlarına dair tapşırıqları çərçivəsində hazırlanıb.

Qazaxıstanın böyük nümayəndə heyətinə rəhbərlik edən SİİN-in rəhbəri Marat Karabayev Bakıda “Yol xəritəsi” layihəsi ilə bağlı görüş zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə məlumat verib.

“Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa və Mərkəzi Asiyanın nəqliyyat əlaqəsinə dair analitik hesabatında əks olunmuş daşımaların kompleks inkişafı üzrə tövsiyələri nəzərə alır”, – məlumatda deyilir.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında iki ölkənin uğur və nailiyyətlərini qeyd edib. O həmçinin Xəzəryanı dövlətlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində tranzit potensialının genişləndirilməsinin prioritet olduğunu vurğulayıb.

Görüşün sonunda M.Karabayev iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənəcəyinə əminliyini bildirib və həmkarını Astanada keçiriləcək 26-cı “TransLogistica Kazakhstan 2023” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.

Qazaxıstan nümayəndə heyətinə TBNM Beynəlxalq Assosiasiyasının, “Qazaxıstan Dəmir Yolu” SC, “Aktau” və “Kurık” dəniz limanlarının, respublikanın iri sənaye, dağ-mədən və nəqliyyat-logistika şirkətlərinin rəhbərliyinin nümayəndələri daxil idi.

Nümayəndə heyəti Bakı Beynəlxalq Ticarət Limanı və liman stansiyalarında, Bakı Gəmiqayırma Zavodunda, Abşeron Logistika Mərkəzində, “Hövsan” Bakı Beynəlxalq Dəniz Ticarət Limanında, Baş-Ələt stansiyasında, eləcə də paytaxtın dəmir yolu vağzalında olub. Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri İsveçrənin “Stadler” şirkətinin sərnişin vaqonları ilə tanış olub.