BTC-nin Yevlaxdakı 2-ci nasos stansiyası gündəlik 620 min barel neft aşırır

234

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin Yevlax rayonunda yerləşən 2-ci nasos stansiyası gündəlik orta hesabla 620 min barel neft aşırır.

“Report” xəbər verir ki, bunu stansiyanın sahə meneceri Rəşad Məmmədov BP şirkətinin bölgəyə təşkil etdiyi media-turda bildirib.

Onun sözlərinə görə, nasos stansiyasında 4 neftvurma qurğusu mövcuddur, bunun 3-ü işlək vəziyyətdədir, 4-cü qurğu ehtiyat kimi saxlanılır: “3 qurğu gündə 1 milyon barelə qədər neft aşıra bilər, lakın orta hesabla 620 min barel neft aşırır”.

Menecer qeyd edib ki, nasos stansiyası Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə alınan “Şahdəniz” qazının hesabına işləyir.

R. Məmmədov onu da əlavə edib ki, indiyə qədər BTC ilə 4,1 milyard barel və yaxud 546 milyon tondan artıq neft nəql olunaraq tankerlərə yüklənilib və dünya bazarlarına çıxarılıb.

Xatırladaq ki, BTC-nin uzunluğu 1 768 kilometr, gündəlik ötürücülük gücü isə 1,2 milyon bareldir. Kəmər boyunca 8 kompressor stansiyası fəaliyyət göstərir, bunun 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir.