“Mədəniyyət körpüsü” layihəsinin iştirakçıları ASCO-nun fəaliyyəti ilə yaxından tanış olublar

268

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyət körpüsü” layihəsində iştirak edən xarici rəssamlar üçün ASCO-nun struktur idarələrinə tur təşkil olunub.

Rəssamlar əvvəlcə ASCO-nun aparatını ziyarət ediblər. Onlar burada “Üç əsrin şahidi” muzeyi və “Qarabağ Azərbaycandır!” guşəsi ilə yaxından tanış olublar. Həmçinin qonaqlara milli gəmiçiliyin yaradılmasının 165 illiyinə həsr edilmiş “Üç əsrə şahid” bədii-sənədli qısametrajlı film təqdim edilib.

Gün ərzində qonaqlar Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Mərkəzinin işi ilə də tanış olublar. Təhsil və təlim müəssisələrinin fəaliyyəti haqqında ümumi məlumat verən əməkdaşlar təşkil olunan işin müxtəlif aspektləri barədə danışıb, qonaqları maraqlandıran sualları cavablandırıblar.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi çərçivəsində keçirilən “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində 9 xarici ölkəni təmsil edən rəssamlar Bakıya dəvət olunub. Onlar burada olduğu müddətdə Azərbaycan gəmiçiliyinin zəngin tarixini, ənənələrini və müasir dövrdəki fəaliyyətini əks etdirən fərqli texnikalarda əsərlər ərsəyə gətirəcəklər. Yekunda həmin işlər “Suraxanı” gəmi-muzeyində sərgilənəcək.

Layihənin məqsədi xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış kimi humanist idealları tərənnüm etmək, eləcə də muzeyin mədəni əlaqələrini genişləndirmək, müxtəlif xalqların nümayəndələrini ölkəmizin gəmiçilik tarixi və imkanları ilə yaxından tanış etməkdən ibarətdir.

seanews.az