Bakı Gəmiqayırmada böyük sifariş portfeli

143

AZCON Holding şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başladığı dövrdən etibarən gəmiqayırma sahəsində mühüm nəticələr əldə edib.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək müəssisədə ümumilikdə 14 gəmi tikinti layihəsi həyata keçirilib. Onun sözlərinə görə, bu layihələrə “Xankəndi” sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmilər, müxtəlif təyinatlı yedək gəmiləri, yarımdalma qazma qurğularının pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər daxildir. Bununla yanaşı, zavodda 170-dən çox gəminin təmiri uğurla icra olunub.

Ruslan Talıbov qeyd edib ki, zavodun illik istehsal potensialı 25 min ton gəmi-metal konstruksiyaların hazırlanmasına imkan verir. Bu göstəriciyə əsasən müəssisə ildə 4 ədəd 15 min tonluq tanker və ya alternativ olaraq 2 ədəd 60–70 min ton yükgötürmə qabiliyyətinə malik “Caspian Max” tipli tanker istehsal edə bilər. Eyni zamanda, paralel şəkildə 4 ədəd yedək-təchizat və digər təyinatlı gəmilərin tikintisi mümkündür.

Hazırda zavodun sifariş portfelinin genişləndiyini vurğulayan sədr bildirib ki, mövcud müqavilələr əsasında ümumilikdə 17 gəminin tikintisi nəzərdə tutulur. Onlardan 11-nin inşası paralel şəkildə davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Bu layihələr arasında 4 ədəd quru yük konteyner gəmisinin beynəlxalq sifariş əsasında tikildiyi diqqətə çatdırılıb.

Sədr əlavə edib ki, zavodun portfelinə Ro-Pax tipli bərələr, sərnişin gəmiləri, yanğınsöndürən və dalğıc gəmiləri, eləcə də konteyner gəmiləri daxildir.

“KTZ Express Shipping” ilə imzalanmış müqaviləni zavodun beynəlxalq fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirən Ruslan Talıbov bildirib ki, bu, müəssisənin ikinci beynəlxalq sifarişidir və onun qlobal bazarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir.

Onun sözlərinə görə, müqaviləyə əsasən tikiləcək iki quru yük konteyner gəmisinin hər birinin uzunluğu 140,97 metr, eni 16,90 metr, bort hündürlüyü 6,80 metr olacaq. Gəmilərin dəniz şəraitində suya oturumu 5,56 metr, çay şəraitində isə 3,60 metr təşkil edəcək. Yükgötürmə qabiliyyəti dənizdə təxminən 9900 ton, çayda isə 5057 ton, konteyner tutumu isə müvafiq olaraq 537 TEU və 433 TEU səviyyəsində nəzərdə tutulub. Hər bir gəmi 1600 kVt gücündə iki əsas mühərriklə təchiz ediləcək və təxminən 11 düyün sürətlə hərəkət edəcək.

Ruslan Talıbov vurğulayıb ki, həyata keçirilən layihələr zavodun yüksək texnoloji imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini nümayiş etdirir. Məqsəd isə həm yerli, həm də beynəlxalq bazarda mövqeləri daha da gücləndirmək və Azərbaycanı regionun aparıcı gəmiqayırma mərkəzlərindən birinə çevirməkdir.